Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 18:40
Bakı. Trend:
“Azərkosmos” ASC-nin Azersky peyki vasitəsilə cari ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşa şəhərində “İsabulağı” ətrafında 0.46 hektar sahədə meşə zolağının qırılması aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin birgə mətbuat açıqlamasında deyilir.
Açqılamada qeyd edilir ki, həmçinin, peyk təsvirləri vasitəsilə sözügedən ərazinin 0.85 hektar sahəsində yeni tikililər üçün planlama işlərinin aparıldığı qeydə alınıb:
"Məlum olduğu kimi, Ermənistanın işğal altındakı ərazilərimizdə törətdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən ekoloji terror nəticəsində meşə sahələri sürətlə deqradasiyaya uğrayır, həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir və təbii resurslar qanunsuz olaraq istismar edilir. Azersky təsvirləri vasitəsilə Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda qızıl yataqlarının qeyri-qanuni istismarı ilə yanaşı, Tərtər rayonunun Dəmirli mədən yatağının 740 hektar ərazisində geoloji kəşfiyyat, qazıntıhasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı da müəyyən edilib. Eyni zamanda, Azersky vasitəsilə aparılmış son monitorinqlər zamanı Azərbaycanın işğal olunmuş ərazilərində kənd təsərrüfatı sahələrinin qanunsuz istismarının davam etdirildiyi və geniş miqyaslı yanğınların törədildiyi müşahidə edilib. Təkcə Füzuli rayonunun təxminən 15.000 hektar sahəsində yanğınların törədildiyi qeydə alınıb. Göründüyü kimi, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini, o cümlədən təbii sərvətlərin istismarı və talan edilməsi, kənd təsərrüfatı və su ehtiyatları da daxil olmaqla sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, meşələrin qırılması, yanğınların törədilməsi və ətraf mühitə ziyan vuran digər əməllərini davam etdirir. Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərimizin ilhaq edilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri qayıtmasının qarşısının alınmasına yönəlib. Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozaraq ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz fəaliyyəti həyata keçirən Ermənistan, onun fiziki və hüquqi şəxsləri, eləcə də işğal olunmuş ərazilərimizdə qeyriqanuni fəaliyyətdə iştirak edən bütün digər şəxslər və şirkətlər inzibati və hüquqi məsuliyyət daşıyırlar. Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı müvəqqəti xarakter daşıyır və bu torpaqların əvvəl-axır Azərbaycanın nəzarətinə qaytarılması qaçılmazdır. O cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərinə təcavüzkar qüvvə tərəfindən vurulan zərər müvafiq beynəlxalq mexanizmlər vasitəsilə hesablanacaq, Ermənistan Azərbaycan tərəfinə vurduğu zərəri ödəyəcək və bütün qeyri-qanuni əməllərinin hüquqi cavabını verəcəkdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin