Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2021 15:48
"Moskva görüşü bir daha əyani şəkildə göstərdi ki, regionun gələcəyi ilə bağlı Azərbaycan və Rusiya Prezidentlərinin və bu iki ölkənin mövqeyi, baxışları və planları üst-üstə düşür. Bunu görüş zamanı keçirilən müzakirənin detallarından aydın şəkildə gördük".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Politoloq bildirib ki, Azərbaycanın postkonflikt dövründə rəhbər tutduğu gündəlik Moskva tərəfindən qəbul olunur:
"Azərbaycan Prezidenti ikitərəfli görüş zamanı çıxışında bir neçə dəfə "münaqişədən sonrakı dövr" ifadəsindən istifadə etdi. Rusiya Prezidenti də bu sözləri öz davranışı ilə təsdiq edirdi. Vladimir Putin istər bundan əvvəl Nikol Paşinyanla, istərsə də Azərbaycan Prezidenti ilə görüşlərində bir dəfə də olsun "Dağlıq Qarabağ münaqişəsi" kəlməsindən istifadə etmədi. Təkcə bu detal onu göstərir ki, Rusiya dövləti Cənubi Qafqazda Dağlıq Qarabağ adlı münaqişənin olmasında maraqlı deyil. Ümumiyyətlə, Moskva artıq düşünür ki, bu münaqişə artıq həllini tapıb və biz post-münaqişə reallığı ətrafında müzakirələrimizi aparmalıyıq. Biz münaqişəsnin başa çatdığını düşünüb, bundan sonra regionun gələcəyi ilə bağlı hansı planları, hansı iqtisadi layihələri, əməkdaşlıq formatlarını müzakirə edə bilərik?! Bax, hazırda Rusiyanın mövqeyi bundan ibarətdir. Təbii ki, Azərbaycan da bu mövqenin sahibidir, Azərbaycan da 8 aydır ki, bütün dünya ictimaiyyətinə bu tezisləri çatdırmağa çalışır ki, artıq münaqişə başa çatıb, biz yeni bir mərhələyə başlamalıyıq ki, Azərbaycan artıq buna başlayıbdır.
Biz bu görüşdə Rusiya Prezidentinin gələcək baxışlarının da Azərbaycan Prezidentinin gələcək baxışları ilə üst-üstə düşdüyünü gördük. Rusiya dövlət başçısı Prezident İlham Əliyevə təşəkkür etdi ki, onun kompromis həll variantlarına üstünlük verməsi regionun bu günki inkişafına və təhlükəsizliyinə çox böyük töhfələr verib. Və Putin onu da əlavə etdi ki, "biz bu yolla irəliləməliyik". Yəni bu da onu göstərir ki, Azərbaycanın müəyyən etdiyi, təbliğ etdiyi yol rəsmi Moskva tərəfindən qəbul olunur və dəstəklənir. Bu yol onsan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə başa çatıb və bu iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın getmək istədiyi yol budur. Rusiya Prezidenti də "biz bu yolla getmək istəyirik" deyirsə, bu, dolayı yolla, Azərbaycanın təbliğ etdiyi, rəhbər tutduğu tezislərin də Moskva tərəfindən qəbul olunduğunu deməyə əsas verir".
Təhməz Əsədov