Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2021 12:20
Saatlıda vaksinasiyadan keçməyərək toyda iştirak edənlər məclisdən uzaqlaşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Belə ki, keçirilən tədbirlərlə rayon ərazisində yerləşən "Ayşən" şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, "Komfort" şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.
Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən "Davud" şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.
Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktiki söhbətlər aparılıb və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.