Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2021 11:22
44 günlük müharibədən dərs çıxarmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarını icra etməkdən yaxa qurtarmaq üçün yeni çıxış yolları axtarır. Müharibə zamanı olduğu kimi postkonflikt dövründə də gah Qərbdən bəzi qüvvələri, gah da KTMT-ni bölgəyə gətirməyə çalışaraq Azərbaycanla üz-üzə qoymaq üçün etdiyi bütün cəhdləri boşa çıxan Ermənistan yenə niyyətindən əl çəkmək fikrində deyil.
Nikol Paşinyanın baş nazir vəzifəsinə təsdiq edilməsindən sonra hökümətin formalaşdırılması istiqamətində tamamlama işləri yekunlaşır. Bölgəni münaqişə ocağına çevirərək kapitulyasiya aktını icra etməmək üçün təxribatlarına ara verməyən Ermənistan, bununla nəyəsə nail olacağına inanır. Lakin son proseslər bir daha göstərdi ki, bu vəziyyət heç də rəsmi İrəvan üçün çıxış yolu deyil.
KTMT baş katibi Stanislav Zasın İrəvan səfəri Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisələrə geniş mənada aydınlıq gətirdi. Avqustun 9-da Stanislav Zasla görüşündə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın "əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, İrəvan güc tətbiq etmək hüququnu özündə saxlayır" ifadələri baş katibin adekvat cavabı ilə nəticələnib. Zasın Karapetyanın dediklərinə "Əgər problemin həlli yollarından danışsaq, o zaman düşünürük ki, bu vəziyyətin siyasi yolla həlli imkanları tükənməyib, bu, hər kəs üçün ən yaxşı variant olardı" cavabı "Danışıqlar yolu ilə delimitasiya məsələsini həll etməyi bacarmasanız, başınızın çarəsinə baxın. Bizdən hərbi dəstək gözləməyin" məntiqini ortaya atır.
Erməni nazirin açıqlamasından da aydın olur ki, rəsmi İrəvan II Qarabağ müharibəsində olduğu kimi sərhəd məsələsində də KTMT-ni qabağa verərək, Azərbaycanla üz-üzə qoymaq planları qurur. Ermənistanın təbilincə desək, - biz müharibəyə başlasaq, siz məcbur olub, gəlib bizi müdafiə etməlisiniz. Bəli, plan bundan ibarətdir. Məhz son günlər sərhəddin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatlar bu planın tərkib hissəsidir. Çünki əgər növbəti irimiqyaslı hərbi əməliyyatlar baş verəcəksə, artıq 44 günlük müharibədəki kimi Azərbaycan sərhədləri çərçivəsində yox, bu dəfə hələ delimitasiya işlərinin tamamlanmadığı və Ermənistan-Azərbaycan sərhəddindəki ərazilərdə baş verəcək ki, İrəvanın da istədiyi budur. Çünki Ermənistanın atəş nöqtələri daha çox məhz Ermənistanın hazırki sərhədləri daxilindədir. Azərbaycanın onlara adekvat cavabı güya Ermənistanın ərazisinə təcavüz kimi dəyərləndirilə bilər və bunun nəticəsində KTMT dərhal təşkilatın şərtlərinə uyğun olaraq Azərbaycana qarşı ordu yürütməlidir. Lakin Azərbaycan 30 illik işğala son qoyduğu müharibə kimi, ondan sonrakı mərhələdə diplomatik pressinqi nəticəsində vəziyyəti xeyirinə dəyişməyi bacardı. Bu gün artıq nə Rusiya, nə də KTMT Azərbaycanla üz-üzə qalmaq arzusunda deyil. Rusiya və KTMT yaxşı anlayır ki, bu baş verərsə regionun təhlükəsizliyi təıhdid altına düşə bilər və nəticədə Qərb qüvvələrinin Qafqaza gəlişi üçün zəmin yarana bilər.
Azərbaycanla təkbaşına bacarmayacağını anlayan Paşinyan gah Rusiyanın orbitindən çıxmaq üçün Qərblə müxtəlif dialoqlar aparır, gah da Moskvanın rəhbəri olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əl çəkmir ki, çəkmir. Lakin artıq Kreml rəhbərliyi də anlayır ki, Bakının mövqeyi region üçün ən konstruktiv yanaşmadır.
Stanislav Zasın son səfəri də bir daha göstərdi ki, Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrutlmur. Təşkilat Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. KTMT müharibə dövründə olduğu kimi, ondan sonrakı dövrdə də Ermənistana arxa olmadı. Çünki təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir. KTMT-nin baş katibi Zas da sərhəd məsələsində neytral qalacaqlarını İrəvan səfərində hər kəsə bəyan etdi. İrəvan anlamalıdır ki, Qarabağın işğalına son qoyulduğu kimi bu məsələlərində geci-tezi var. Lakin bir fərqi var, daha Azərbaycan illərlə səbr edib, təxribatlara göz yummaq fikrində deyil. Bunu nəzərə aldıqda sovet hakimiyyəti dövründəki sərhədlərin bərpasının yekunlaşdırılması, Zəngəzur dəhlizinin açılması və sülh sazişinə imza atmaq Ermənistanı daha ağır vəziyyətə düşməkdən tək xilas yoludur.
Təhməz Əsədov