Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 15:54
Rayonda mütəşəkkil suvarma nəticəsində məhsuldarlıq artıb
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Beyləqanda suvarılma mütəşəkkil aparılır, əkin sahələri su ilə təmin olunur.
Beyləqan Suvarma Sistemləri idarəsi 2 mənbədən, Qarabağ kanalı vasitəsilə Kür çayının, Xan qızı kanalı vasitəsilə Araz çayının suyundan istifadə etməklə rayon ərazisində 50539 hektar torpaq sahəsinin suvarılması ilə məşğul olur. Suvarılma idarənin balansında olan 1269.91 kilometr uzunluğunda suvarma kanalı vasitəsilə aparılır. Bunun da 132.2 kilometri beton üzlüklü, 139.8 kilometri nov kanal, 1058 kilometri qapalı boru şəbəkəsi və 1015 kilometri torpaq məcralı kanaldır. İdarə əsasən torpaq məcralı kanalların beton üzlüyə alınmasına daha çox üstünlük verir. Belə ki, ötən il rayon ərazisində olan 1.3 kilometr uzunluğunda P-3 kanalı beton üzlüyə alınıb, üzərində olan körpü əsaslı təmir olunub.
Mövsüm ərzində rayonda 8629 hektar sahədə pambıq əkilib. Bunun da bitiş suyu 100 faiz təşkil edib. Bu il fermerlər daha bol məhsul əldə edəcəklərinə əmindirlər.
Yay mövsümünün quraq keçməsinə baxmayaraq Beyləqan rayonunda ən vacib ucqar nöqtələrdə, çətin suvarılan ərazilərə suyun verilməsinə daha çox üstünlük verilib. Həmin ərazilərə çatdırılan su məhsuldarlığın artmasına səbəb olub.
Qeyd edək ki, Beyləqan rayonunda 10675 hektar sahədə taxıl əkini aparılıb. Suvarma mövsümündə 3 dəfə suvarılma aparılmaqla biçin vaxtı 37.7 sentner məhsul əldə edilib. Hazırda rayon ərazisində əkilən digər bitkilərin suvarılması davam edir.