Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 12:44
Milli maliyyə mühəndisliyi kadrlarının hazırlanmasına ehtiyac var
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanda rəqəmsallaşmanın tam həyata keçirilməsi ilə elə birinci il ümumi daxili məhsulda təxminən 20 faizə bərabər sıçrayışa nail olmaq mümkündür.
Bu fikrin müəllifi professor Saleh Məmmədov Real TV-yə müsahibəsində bildirib ki, rəqəmsallaşmanın gerçəkləşdirilməsi ölkədə kreditləşdirmə imkanlarını yüksəldəcək, bu da öz növbəsində iqtisadi artıma səbəb olacaq:
"Bu gün hesablaşmalarımızın hardasa 40 faizi nağd qaydada həyata keçirilir. Və cəmi 14 milyard dollara yaxın kredit verə bilirik. Kredit də bir inkişaf mənbəyidir, Biri kredit alır ki, inkişafa yatırsın və bir nəticə əldə edə bilsin. Bu inkişafı əldə eləmək üçün pul lazımdır. Pul üçün biz banklara müraciət edirik. Banklar da deyir ki, gəl, 20 faizdən 30 faizə kimi sənə kredit verim. Amma bu tərəfdən baxırsan, 14-15 milyard manat kredit Azərbaycan üçün heç nədir. Müqayisə üçün Sinqapur - ən cırtdan dövlətdir. İldə 1 trilyon dollara yaxın kredit verir - ölkəsi üçün, inkişafı üçün. 1 trilyon resurs Azərbaycana daxil olsa, artım gəlib 100 faizi keçər. Çünki Azərbaycan əhalisi çox aktiv və işgüzar camaatdır, hər yerdən pul çıxara bilir".
Professorun sözlərinə görə, Azərbaycanda həddindən böyük resurslar var, amma onlardan istifadə çox aşağıdır. 15 milyrad manata yaxın kreditləşdirmə Azərbaycanın ümumi daxili məhsulunun 20 faizindən də aşağı göstəricidir:
"Amma Amerika, Cənubi Koreya, Hollandiya, Avropa İttifaqı kimi inkişaf etmiş bazarları götürsək - borclar ümumi daxili məhsuldan 2-3 dəfə çoxdur. Elə ölkələr var ki, 50-60 dəfə çoxdur. Bu ölkələr borclar hesabına yaşayır. Bizdə isə o resurslar var, hətta öz resurslarımız var. Ölkənin yüksək reytinqi hətta başqa yerlərdən cəlb etməyə imkan verir. Amma istifadə sıfır vəziyyətindədir. Resursları mən hesablamışam. Azərbaycanın daxili resursları, kənardan resurs cəlb etməməklə, 150-160 milyard manatdır. Ondan cəmi 14,5 milyard manat istifadə edirilir. Bu resurslar ya bu və ya digər formada xaricə ötürülür, ya da ölkənin içərisində sandıqlarda, evlərdə saxlanır".
Onun sözlərinə görə, rəqəmsallaşdırma, yəni rəqəmsal manata keçid bütün bu pulların hamısını əlçatar edəcək. Çünki artıq nağd pul saxlamaq imkanı olmayacaq, insanlar məcburən vəsaitlərini banklara qoymalı olacaqlar. Nəticədə, banklar faizləri Avropa ölkələrində olduğu kimi 1-2 faizə salacaq. Slaeh Məmmədov düşünür ki, rəqəmsal manatı işə salan kimi elə ilk ildə ümumi daxili məhsulda 20 faiz artım əldə ediləcək. Yəni bu gün bütün dünyada finansallaşma prosesi gedir. Bu, ümumi sərmayə yatırımlarında borc vəsaitlərindən, yəni beynəlxalq maliyyə qaynaqlarının vəsaitlərindən istifadə prosesidir və Azərbaycan da bu prosesə qoşulmalıdır.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı da rəqəmsal manatın yaradılması üzrə işlər görüldüyünü bəyan edib. Bir neçə ay qabaq mətbuatda açıqlama ilə çıxış edən Mərkəzi Bank ilkin olaraq rəqəmsal manat üçün infrastrukturun yaradılması üzrə işlərə başlandığını bildirib. Təbii ki, müxtəlif haker müdaxilələrin geniş yayıldığı indiki zamanda əsas önəmli məsələlərdən biri rəqəmsal manatın təhlükəsizliyidir.
Azərbaycan manatının dövriyyəyə daxil edildiyi 1992-ci ildə maliyyə naziri olmuş Saleh Məmmədov öz təcrübəsindən danışır:
"Çox problemlər çıxdı onda. Təhlükə çox böyükdür. Bu günkü proqramlaşma dövründə, rəqəmsal dövrdə bu hipertəhlükəsizlik məsələsi daha ciddidir. Bu cür proseslər iki hissədən ibarətdir - həm texnologiya, həm də proqram təminatı. Bu proqram təminatını kim yazırsa, o prosesin atasıdır. Və daima o proqramı dəyişə bilər. O proqramı istifadə edə bilər. İndi bizim əsas məqsəd - əsas vacib amil ondan ibarətdir ki, bizim milli, öz xalqımız, öz mütəxəssislərimiz tərəfindən hazırlanmalıdır ki, o hipertəhlükəsizlik məsələləsini həll edəsən. Bunun üçün də kadrlar lazımdır".
Saleh Məmmədovun sözlərinə görə, rəqəmsal manatın qorunması maliyyə mühəndisliyi elminin vacib elementidir. Maliyyə mühəndisliyi üzrə kadrlar ilk dəfə olaraq 1998-ci ildə ABŞ-ın Kolumbiya Universitetində hazırlanmağa başlayıb. Daha sonra Universitet magistr və doktorlar da hazırlamağa başlayıb. Bundan sonra bu ixtisas dünyanın bütün Universitetlərində keçilib. Maliyyə mühəndisliyi ixtisasında blokçeyn texnologiyaları, rəqəmsal valyutaların buraxılması, onların dvriyyəsi kimi çox önəmli fənlər tədris edilir. Professor düşünür ki, bu ixtisas Azərbaycan ueniversitetlərində də tədris olunmalıdır ki, milli rəqəmsal valyutamızın qorunmasını təmin edən milli kadrlarımız olsun.