Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Tarix: 25 Avqust 2021 16:42

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib.

Sonxeber.net xəbər verir ki, axşam.az sənət adamlarından teatrsız 16 ayı necə keçirdiklərini soruşub:

Xalq artisti Məleykə Əsədova teatr üçün darıxdığını deyib:

"Teatr üçün çox darıxmışam. Yəqin ki, bu mövsümdə açılar".

Xalq artisti Naibə Allahverdiyeva açıq havada tamaşa oynamağı məsləhət görüb: "Ana öz balası üçün necə darıxarsa, biz aktyorlar da səhnə üçün elə darıxırıq. Səhnəsiz ruhumuz çöküb. Pandemiya tüğyan edir, bu vəziyyətdə nəyin necə olacağını bilmək çətindir. Amma bir yenilik edə bilərlər: havalar soyuyana qədər açıq havada da tamaşa göstərə bilərik. Tamaşaçılar da maraqla qarşılayar".

Xalq artisti Firəngiz Mütəllimova isə koronovirus infeksiyasının yayıldığı ərəfədə teatrların qapalı qalmasının tərəfdarı olduğunu söyləyib: "Çox çətindir, teatr canlı və kollektiv sənətdir. Təsəvürünüzə gətirin, bu üçüncü dalğanın başladığı vaxtda, xəstə sayının artdığı ərəfədə kollektiv sənətdə nələr ola bilər. Hərə bir evdən gəlir. Bu qədər ayı, ili səbrlə dözmüşük. Sənət dostlarıma demək istərdim ki, bir az da səbr edək, gözləyək. Hər yer mərhələ-mərhələ açılır. Növbəti  dəfə bizim teatrlar da açılar. Sənət dostlarımın səhnəyə sağ-salamat gəlib çıxmalarını arzulayıram. Tək biz yox, bütün dünya bu dəqiqə bu bəladadır. Virusu ağır da, asan da keçirən olur. Ehtiyatlı olmaq lazımdır. Ona görə də deyirəm ki, dözək, salamat səhnəyə qayıdaq və rollarımızı oynayaq. 

Əməkdar artist Nahidə Orucova bildirib ki, teatrsız ona çətindir: "İki ildir biz teatrsızıq. Belə şey olar? Hərdən efirə gedirdik, qurdumuzu öldürürdük. İndi efir də yoxdur, verilişlər mövsüm finalına çıxıb. Qalmışıq çəkilişsiz. Teatrsız necə olaq? Hər yer açılıb, bir teatrdan başqa. Belə çıxır ki, heç yerdə Covid-19 yoxdur, bircə teatrda var? Kinoteatrlar və teatrlarsız olmaz. 43 ildir ömrümü səhnəyə həsr etmişəm. Səhnə məni yaşadırdı. İndi necə olum? Çarəsizik... Gözləyirik, yalvarırıq ki, sentyabrda açsınlar. 16 ay işsiz qalmışıq, bütün məşqlər sıfırdan başlamalıdır. Bizi yaşadan teatr, səhnə, tamaşaçılardır. Biz tamaşaçıdan enerji alırıq. Nə yaxşı bir az enerjimiz qalıb. Belə davam etsə, o da bitəcək. Nədən enerji alaq? Elə bil birdən-birə teatr heç kimə lazım olmadı. Çox üzücüdür, xoşagələn hal deyil. Həsrətlə gözləyirik ki, səhnəmiz açılsın. Gedək o səhnənin tozunu, iyini udaq.  İndi yaydır rayonlara gedib, dincəlirik, təbiətdən zövq alırıq, nəfəs aldıq. Qışda belə olsa, nə edəcəyik? Aktyor işsiz paslanır. Yenidən əvvəlki tempə qayıtmaq çətin olacaq. Pas atıb gedirik".

Əməkdar artist Anar Heybətov teatrların qapalı qalmasının sənət adamları üçün uğursuz olacağını açıqlayıb: "Çox çətindir. Aktyor teatrsız susuz balıq kimidir. Hər yerə icazə var, təkcə teatrlardan başqa. Niyə? Vaksin olunanlar həm işə, həm də tamaşaya gələ bilərlər. Belə getsə, nəticə yaxşı olmayacaq. Ən yaxşısı teatrlar açılsın, biz də işə başlayaq. Gələcəkdə lazım bilərlərsə, tamaşaçılar üçün uyğun üsul taparlar. Az sayda tamaşaçı ilə tamaşa oynamaq olar. Restoranlar, toylar, ticarət mərkəzləri açılıb. Bəs teatr? Nə bilim...".

Əməkdar artist Sənubər İsgəndərli də dəfələrlə sosial şəbəkədə teatrların bağlı qalmasına etirazını bildirib. "Əgər Covid-19 pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz? Pandemiya imkan verdi ki, bir çox şeyə kənardan baxdıq. Sənətə, həyata, insanlara baxışımız dəyişdi. Ona görə də düşünürəm ki, dəyişikliklər çox olacaq. Əvvəlki kimi heç nə olmayacaq. Çıxış yolları, variantları tapmaq lazımdır. İşimizə qayıtmaq üçün işlər gedir. Ən əsası məsələ isə odur ki, qayıdandan sonra biz tamaşaçıya nə deyəcəyik, hansı mövzulara müraciət edəcək, nələri qabardacağıq. İnandırım sizi ki, həmkarlarımdan kimdən soruşsanız eyni söz deyiləcək: balığı sudan çıxaranda necə olar? Teatr bizim evimizdir, insanı evindən çıxaranda necə olar? Teatr canlı sənətdir. Min onlayn tamaşa olsun, mükün deyil. Aktyor tamaşaçı nəfəsin duymalıdır. Onda o sehir baş verir. Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək" deyə, aktrisa müxtəlif vaxtlarda məsələ ilə bağlı etdiyi paylaşımlarında bildirib.

Əməkdar artist Tünzalə Əliyeva tamaşa oynamaq üçün darıxdığını deyib:

"Çox çətindir, aktrisa səhnədə böyüməli, yetişməli, ölməlidir. İndi dünya bu bəladadır. Biz də qaydalara əməl edirik. Bəlkə yaxın günlərdə açılar, tamaşalarda oynayarıq".

Aktrisa Zümrüd Qasımova isə teatrsız qalan aktyorların yaşamadığını bildirib:

"İki ilə yaxındır ki, tamaşa yoxdur. Pandemiya aktyorlara pis təsir etdi. Yaşayıram, dövlət maaş da verir. Amma hiss etdim ki, mən teatrsız hamıdan birinə çevrildim. Teatrsız həyat yoxdur. Film yox, teatr adamları fərqlidir. Başa düşdüm ki, biz yaşamırıq, elə-belə mövcuduq. Mənim üçün teatrsızlıq böyük faciədir. Tamaşaçı ilə ünsiyyət həyatdır. Hər zaman deyirəm ki, iki həyatım var: biri real, digəri teatrdakı. İkili həyat yaşamışam. İndi isə bir həyatı yaşamağa məcbur oldum. Teatrsız həyat istəmirəm. İstəyirəm səhnə, məşqlər olsun. Deyirlər peyvəndlənmə 80 faizə çatanda teatr açılacaq. Teatr canlı sənətdir. İndi və burada baş verir. Onlayn tamaşa oldu. Teatr aktyorunu başa düşməzlər. Bizim var olmağımızdır. Bir çox sənət adamları etiraz etdi".


Etiketlər:  teatrsız qalan aktyorlardan ETİRAZ yaşamırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ