Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yay mövsümünün “timsah göz yaşları” (FOTO)

Yay mövsümünün “timsah göz yaşları” (FOTO)

Tarix: 16 Avqust 2019 10:52

Bakı. Trend:

Yay fəslini həm uşaqlar, həm də böyüklər səbirsizliklə gözləyir. Lakin bu mövsümdə insanların tutulduğu xəstəliklər istirahətdən zövq almağa imkan vermir. Yayda ən çox qeydə alınan “sürpriz”lərə ishal və qusma aiddir. Nəzərə almaq lazımdır ki, insan orqanizminin, xüsusilə körpə və uşaqların bədəninin yarıdan çox hissəsini su təşkil edir. Davam edən ishal və qusma qısa müddət ərzində orqanizmi susuzlaşdırır.

Orqanizmin susuzlaşmasının əsas əlamətləri. Orqanizmdə suyun miqdarının azalması dərhal özünü xarakterik əlamətlərlə büruzə verir. Belə insanlarda, xüsusilə körpə və uşaqlarda halsızlıq yaranır, sidiyin rəngi daha tünd, qoxusu daha kəskin olur, dodaqlar və ağız quruyur, dəri turqoru azalır, ürək döyünmə ritmi və tənəffüsü dəyişir. Belə uşaqlar ağladıqda göz yaşı axmır, buna “timsah göz yaşları” deyilir. Əgər susuzluq davam edərsə, xəstələrdə letargiya – patoloji yuxululuq yarana bilər. İshal və qusma zamanı qıcolma ehtimalının yüksək olması valideynləri çox narahat edir. Bir çox insanları ishal, qusma, hərarətin yüksəlməsi zamanı qıcolma tutmalarının səbəbi maraqlandırır.

Susuzlaşma zamanı nəyə görə qıcolmalar qeydə alınır? Hər hansı səbəbdən orqanizm susuzlaşan zaman, təkcə maye deyil, eyni zamanda elektrolitlər də itirilmiş olur. Bu zaman qan dövranı pozulur, toxuma və hüceyrələrdə maddələr mübadiləsi zəifləyir, qan qatılaşır, qanın axma sürəti azalır. Qan sistemi öz funksiyasını normal yerinə yetirmək üçün toxuma və hüceyrələrdən mayeni özünə çəkir. Nəticədə, hüceyrələr susuzlaşır. Məhz buna görə yuxarıda sadalanan simptomlar meydana çıxır. İshal, qusma davam edərsə, orqanizmin turşu-qələvi mühiti də pozulur.

Hüceyrələrdə yaranan tullantı maddələri xaric ola bilmir. Susuzlaşma nəticəsində sinir hüceyrələrində toplanan tullantı maddələr impuls axımını blokada edərək qıcolmaya səbəb olur.

Oxşar vəziyyət hərarətin yüksəlməsi zamanı da yaranır. Bu zaman çoxlu miqdarda maye itirilməsə də, hərarət yüksəldikcə orqanizmdən tənəffüs və tər vasitəsilə kifayət qədər maye buxarlanır. Eyni zamanda tərlə çoxlu miqdarda elektrolit itkisi, orqanizmin turşu-qələvi balansının pozulmasına, qanın qatılaşmasına səbəb olur.

Orqanizmin susuzlaşması zamanı nə etməli? Bütün bu hallardan qorunmaq üçün istər ishal, istər qusma, istər hərarətin yüksəlməsi zamanı xəstəliyin səbəbini aradan qaldırmaqla yanaşı mütləq qaydada orqanizmi kifayət qədər maye və elektrolitlə təmin etmək lazımdır. Onu da qeyd edək ki, adi su qəbulu elektrolit balansını bərpa eləmir. Bunun üçün izotonik məhlullar qəbul edilməlidir. Belə məhlulları insan özü hazırlaya bilməz. Bu məqsədlə apteklərdə satılan, tərkibi balanslaşdırılmış toz qarışıqlarından istifadə etmək tövsiyyə olunur. Daxilə qəbul üçün nəzərdə tutulan bu toz qarışıqlarının əksəriyyətinin tərkibi orqanizmi lazım olan miqdarda elektrolit və qlükoza ilə təmin edir. Qısa müddətdə susuzlaşmanı aradan qaldırır, qanın qatılığını, hüceyrə və toxumaların maye-elektrolit balansını bərpa etməyə kömək edirlər. İsti yay günlərində sizə xoş anlarla yadda qalan istirahət arzulayırıq.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  mövsümünün timsah göz yaşları FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ