Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Qarabağda Ermənistana haqq axtarır - Abdullah Ağar

Rusiya Qarabağda Ermənistana haqq axtarır - Abdullah Ağar

Tarix: 1 Sentyabr 2021 16:21

"Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın tamamilə, yəni Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilər də daxil olmaqla bütünlüklə Azərbaycana məxsus olduğunu deyir və buna uyğun bir iradə, mövqe ortaya qoyur. Ancaq bəllidiri ki, digər tərəflər 10 noyabr üçtərəfli bəyanatında mövcud olan bu reallığı şübhə altına almaq, öz lehlərinə manipulyasiya etmək niyyət və məqsədi güdürlər. Bu, açıq şəkildə görünür". 

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Türkiyəli ekspert bildirib ki, Moskva sülhməramlıların nəzarətindəki əraziləri Ermənistana vermək məsələsini Azərbaycana qəbul etdirməyə çalışır:

"İlham Əliyev "Biz müharibədə qalib gəldik, bu müharibəni qazandıq. Bu müharibənin nəticəsində də Qarabağı tamamilə işğaldan azad etdik" deyir. Rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycan torpaqlarıdır. Bu, Azərbaycanın sərhədləri ilə bağlı əvvəllər çəkilən xəritələr də daxil olmaqla sabitdir. Ancaq rus sülhməramlılarının yerləşdirildiyi həssaslığı qalan ərazilərdən 5 il sonra Rusiya sülhməramlılarının çəkiləcəyini düşündükləri üçün həmin qüvvələr hazırkı vəziyyəti çox fərqli şəkildə təqdim etməyə çalışırlar. Bunda bir niyyət var, görünür. Amma Azərbaycan dövlət başçısı çox konkret bir mövqe ortaya qoyur - Qarabağ məsələsi bitib!

Sadəcə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərin sahibinə təhvil verilməsi məsələsi zamanla həll ediləcəkdir. Burada Ermənistanın zərrə qədər də bir haqqı yoxdur. İlham Əliyevin də bu tərzdə bir mövqe ortaya qoyduğunu görürəm. Ermənistan tərəfi və açığı Rusiya da kontingentin yerləşdirildiyi ərazilərdə Ermənistana haqq axtarır. Rusiya bu haqqı öz mənfəətlərinə görə idarə etmək və yönəltmək məqsədi güdür.

Noyabr bəyanatının maddələrinə baxdığımız zaman onsuz da orada torpağın, müharibə ilə qazanılan bir haqqın Azərbaycan Prezidenti tərəfindən qorunmağa çalışıldığını görürük. Müharibə ilə, can verərək o ərazilərin 30 illik işğalına son qoyuldu. Bəyanata nəzər salanda da o ərazilərin Azərbaycan torpağı olduğu onsuz da gün kimi aydın görünür, qanla alındı o torpaqlar. İndi Rusiya tərəfi o əraziərə erməni əhalini köçürür, amma bu addımların heç biri Azərbaycanın o əraziləri ermənilərə bağışlayacağı mənasına gəlmir. Moskva bunu Azərbaycana qəbul etdirməyə çalışır. Azərbaycan Prezidenti də buna qarşı bir qətiyyət, iradə ortaya qoyur. İlham Əliyev eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı məsələdə də qəti mövqe göstərir.

Bu sual verilməlidir: Rusiya gücünə arxalanaraq beynəlxalq hüququ pozmaq niyyətindədirmi? Rusiya gücünə arxalanaraq böyük bir haqsızlığın altına imza atmağa çalışır? Rusiya gücünə arxalanaraq böyük bir geosiyasi güvənsizliyin altına qol çəkməyəmi çalşır? Rusiya nə etməyə çalışır? Rusiyanın dərdi nədir?".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Rusiya Qarabağda Ermənistana haqq axtarır Abdullah Ağar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ