Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 19:27
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İran İslam Respublikasının "Mekanizasion Keshavarzi Shali Kasht" şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Maz" markalı yük avtomobili saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə "Tobi" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd "Senator", 7000 ədəd "Milano" və 2000 ədəd "Kent" markalı siqaretlər aşkarlanıb.
Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd "Senator" və 13 800 ədəd "Milano" markalı siqaretlər tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin