Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 21:51
Plasebo effekti Avropada XVI əsrin sonlarından məlumdur, XVIII əsrdən isə onu tibbi vasitə kimi ciddi nəzərdən keçirməyə başlayıblar. Alimlərin fikrincə, plasebo diabet və ya xərçəng xəstəliklərinin müalicəsində kömək etməyəcək, təzyiqi aşağı salmayacaq, damarlardan aterosklerotik düyünü götürməyəcək. Lakin hansısa simptomları həqiqətən aradan qaldırır. Məsələn, ağrıkəsici kimi təsir göstərə bilər. Plasebo effekti şüurla bağlı neyrobioloji proseslərin fiziologiyaya necə təsir etməsinin əyani illüstrasiyasıdır. Ali sinir fəaliyyətinə beyin cavabdehdir, deməli, beyində plasebo effektinin asılı olduğu mərkəzlər olmalıdır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sidney Universitetinin əməkdaşları orta yaş həddi 23 olan 13 kişi və 14 qadın ilə eksperiment aparıblar. Onların əllərinə qızdırıcı bağlayıblar, dəriləri yüngülcə yandıqdan sonra həmin nahiyəyə krem sürtüblər. Bu krem, əslində, adi vazelin olub. Lakin təcrübə iştirakçılarının bir qisminə bu kremin ağrını kəsəcəyi, digər qisminə ağrını artıracağı, üçüncü qrupa isə ağrıya heç bir təsir göstərməyəcəyi söylənilib. Yəni, vazelin bir halda plasebo, digər halda nosebo, üçüncü halda isə plasebo və nosebo effektlərini müqayisə edə bilmək üçün nəzarət maddəsi kimi təsir göstərməli idi. Təcrübə iştirakçılarının üçdəbirində ağrının azalma hissi (plasebo effekti), yarısından bir qədər çoxunda isə ağrının güclənməsi (nosebo) hiss edilib.
Funksional maqnit-rezonans tomoqrafiyanın köməyilə hər üç halda beyinin necə işlədiyini görmək mümkün olub. "The Journal of Neuroscience" nəşrində dərc edilmiş məqalədə bildirilib ki, həm plasebo effektində, həm də nosebo effektində uzunsov beyinin fəallığı dəyişib. Uzunsov beyin fizioloji proseslərin (o cümlədən tənəffüs və qan dövranı) çoxunu tənzimləyir və plasebodan istifadə olunanda o, aktiv işləməyə başlayıb, daha doğrusu aktivlik onun bir hissəsində baş verib.
Uzunsov beyin ağrı hissinin əsas tənzimləyicilərindən biri olan boz maddə ilə əlaqədardır. Uzunsov beyin nə qədər çox aktiv olduqca, boz maddə bir o qədər sakit işləyib. Nosebo effektində hər şey əksinə olub: uzunsov beyinin aktiv hissəsi zəifləyib, boz maddənin fəallığı isə artıb, görünür ki, ağrı hissi də artıb.
Bu, plasebo və nosebonun neyrobioloji xüsusiyyətlərinin öyrənildiyi ilk tədqiqat deyil. Lakin bu tədqiqat nəticəsində baş verənlərin daha ətraflı mənzərəsini əldə etmək mümkün olub.