Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özümüzü hesaba çəkək ki, böyük hesabımız asan olsun

Özümüzü hesaba çəkək ki, böyük hesabımız asan olsun

Tarix: 2 Noyabr 2021 22:56

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü sizi hesaba çəkməmişdən qabaq siz özünüzü hesaba çəkin. Qiyamət günü sizi ölçməmişdən qabaq özünüzü ölçün ki, nə qədər mənəvi yükə malik olduğunuz məlum olsun. Özünüzü əkbər Qiyamətə hazırlayın".

İmam Musa Kazım (ə) buyurur: "Bizdən deyildir o kəs ki, hər gün özünü mühasibə etməz. Əgər yaxşılıq edibsə, Allahın şükrünü artırar. Əgər pislik edibsə, istiğfar etsin, çirkin əməlindən geri qayıtsın".

İmam Həsən (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Bəndə, əgər özünü hesaba çəkməzsə, mömin deyildir".

İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir: "Heç bir gün Adəm övladına çatmaz, məgər o halda ki, insana deyər: "Ey Adəm övladı! Mən yeni günəm, Allah tərəfindən sənin bütün işlərinə şahidəm. Mənimlə yaxşı davran və mənim saatımı yaxşı əməllərlə keçirt ki, Qiyamətin hesabında səninlə asan davranım. Onu bil ki, bundan sonra məni görməyəcəksən".

İmam Səccad (ə) buyurur: "İnsan üçün vəzifələndirilmiş mələk əməlləri əməl dəftərinə yazır. Əməl dəftərinin əvvəl və axır səhifəsinə xeyir və yaxşılıqlar yazın".

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Xoş olsun o insanın halına ki, Qiyamət günü əməl dəftərində hər günahın yanında tövbə də tapılmış olsun".

İmam Əli (ə) Bəsrə bazarına girir və müşahidə edir ki, insanlar qızgın alış-verişlə məşğuldurlar. Çox ağlayır və buyurur: "Ey dünya bəndələri və maddiyyat fəhlələri! Siz gündüz and içməklə məşğulsunuz və gecə isə yataqda yatırsınız. Gündüzlə gecə arasında axirətdən qafilsiniz. Bəs gələcək üçün nə zaman azuqə toplayacaqsınız? Nə zaman Qiyaməti xatırlayacaqsınız?".

Bu dünya insanın axirəti üçün tarladır və bu tarlada hər nə əkərsən, axirətdə onun məhsulunu toplayarsan.

Dünya eşqi hər bir günahın başında durur. Dünya iki cürdür: o dünya ki, insanı kamala və həqiqətə çatdırar. O dünya ki, insanı bütün həqiqətlərdən məhrum edir. Həzrət İmam Baqir (ə) İmam Səccaddan (ə) nəql edir: "Bilin ki, dünya sizə arxasını çevirmişdir. Axirət sizə üz çevirmişdir. Bunun hər ikisi üçün övladlar vardır. Siz axirət övladından olun. Dünyanın övladı olmaqdan çəkinin".

O kəs ki, zöhd əhlidir, çətinliklər onun üçün asandır. Allahın bəsirətli bəndələri vardır. Onlar behişt əhlidirlər və cavidan behişti görürlər. Cəhənnəm əhlini əzabda müşahidə edərlər. Bütün insanlar onların şərindən amandadır. Onların kədərli qəlbi vardır və bu az müddətli dünyada müsibətlərə səbir edərək keçirərlər. Onlar bu yolla asanlıqla axirətə çatırlar. Gecə olan zaman ibadət üçün qalxarlar, göz yaşları axar. Axirətin əzabına görə raz-niyaz edər və ağlayarlar.

Gündüz olan zaman isə səbirli, bəsirətli olar və saleh əməllərlə məşğul olarlar. Qiyamətin əzabından qorxuqları üçün bədənləri arıq olar. Hər kim onlara baxarsa, elə bilər ki, xəstədir. Halbuki xəstə deyildirlər, onlar cəhənnəmin qorxusundan bu hala düşüblər.

Ona görə də bu bir-iki günlük dünyaya bağlanmayaq və axirətimiz üçün azuqə toplayaq.


Etiketlər:  Özümüzü hesaba çəkək böyük hesabımız asan olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ