Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvan köhnə planını işə salır? - Müharibə Ermənistana dərs olmadı

İrəvan köhnə planını işə salır? - Müharibə Ermənistana dərs olmadı

Tarix: 5 Noyabr 2021 15:18

"Azərbaycanın səbri tükənməyə doğru gedir. Amma hesab etmirəm ki, bu, müharibəyə qədər gedib çıxacaq".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Ermənistan delimitasiya-demarkasiya və kommunikasiyaların açılması məsələsini 30 il müddətində olduğu kimi gözdən pərdə asmaq və dünya ictimaiyyətini aldatmaq üçün qabardır:

"Son zamanlar Ermənistan mediası və Nikol Paşinyan başda olmaqla iqtidarda olan digər qüvvələrin hamısı Azərbaycanla həm sərhədlərin delimitasiya və demarkasiya məsələsinə hazır olduqlarını, eyni zamanda kommunikasiyaların yaxud da ki, dəhlizin açılmasına hazır olduqları haqqında bəyanatlar verirlər. Və hətta bəzən səsləndirirlər ki, biz danışıqlara, istənilən məsələni müzakirə etməyə  hazırıq. Onlar Azərbaycan tərəfini günahlandırırdılar ki, guya biz onlarla kontankta getmirik və onların təkliflərinə cavab vermirik. Əslinə baxanda isə məsələ tamamilə başqa cürdür: Ermənistan tərəfi keçən 30 il müddətində olduğu kimi gözdən pərdə asmaq və dünya ictimaiyyətini aldatmaq üçün bu məsələləri qabardır.

Bununla da özlərini sülhpərvər dövlət kimi göstərməyə cəhd edirlər. Amma məsələnin əsas mahiyyəti isə Prezident İlham Əliyevin dünən Forumdakı çıxışında səsləndirdiyi ("Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik. Bu, həmçinin beynəlxalq hüquq normalarına və normal davranışa uyğundur. Bu təklifə də hələ baxılmayıb" - red.) kimidir. Yəni əsas məsələ delimitasiya və demarkasiya prosesi icra edilməli və kommunikasiyaların açılması, eyni zamanda sülh müqaviləsinin imzalanmasına doğru işlər görülməlidir.

Erməni tərəfi sülh müqaviləsi haqqında heç bir söz demir. Bu o deməkdir ki, onların məqsədləri tamamilə başqadır. Yəni onlar Azərbaycan və Türkiyə ilə münasibətlərini inkişaf etdirmək barədə müəyyən fikirlər səsləndirmələrinə baxmayaraq, heç də bu bəyanatlarda səmimi deyillər. Buna görə də dünən Prezident İlham Əliyev bu fikri səsləndirdi. Düşünürəm ki, bu, təkcə Ermənistana deyil, eyni zamanda xaricdəki və daxildəki auditoriyanın diqqətinə çatdırmaqdır ki, Ermənistan heç də özünün səsləndirdiyi kimi nə delimitasiya-demarkasiya məsələsinə, nə də ki, kommunikasiyaların (Zəngəzur dəhlizi daxil olmaqla -red) açılmasına, nə də sülh müqaviləsinə hazır deyil. Bu, sadəcə yenə də keçən 30 ildə olduğu kimi vaxt uzatmaqla danışıqlar masaında vaxt keçirməklə məşğul olmaq istəyir.

Təbii ki, rəsmi Bakı tərəfindən səsləndirilən bu bəyanatlardan sonra Ermənistanda və havadarı olan dövlətlərdə hansı proseslərin (44 günlük müharibə nəticəsində torpaqlar işğaldan azad edildi - red) baş verdiyini çox gözəl bilirlər. Təbii ki, 1 il bundan qabaq Azərbaycan Prezidenti dünya ictimaiyyətini xəbərdar etmişdi ki, Ermənistanın işğalçılıq siyasətinin qarşısı alınsın, Azərbaycan torpqlarından çıxarılsın. Təbii ki, o zaman Azərbaycan Prezidentinin bu sözlərinə dünyanın bir çox dövlətləri tərəfindən ciddi reaksiya verilməmişdi və onun nəticələri Ermənistan üçün keçən ilin payızından çox ağrılı oldu. Düşünmürəm ki, bu dəfə də eyni vəziyyət təkrarlanacaq. Elə bilirəm ki, İlham Əliyevin Forumdan etdiyi son xəbərdarlığını bu dəfə yetərincə qiymətləndirməyi bacaracaqlar ki, sonrakı təhlükədən azad olsunlar". 

Təhməz Əsədov


Etiketlər:  İrəvan köhnə planını işə salır Müharibə Ermənistana dərs olmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ