Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 14:06
Ermənistan məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbiçilər qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
""Qarabağ Ermənistandır" deməklə Ermənistan təkcə danışıqlar prosesinə son qoymadı, eyni zamanda, bu, bizim üçün təhqir idi. Bizim üçün müqəddəs olan, Qarabağın tacı olan Şuşada saxta andiçmə mərasimi keçirmək bizim üçün təhqir idi. O şeytan yuvası, - harada ki, o tədbir keçirilmişdi - qəhrəman Azərbaycan Ordusu tərəfindən müharibə dövründə darmadağın edildi. Şuşaya qondarma qurumun qondarma "parlamentinin" köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq".