Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kamboca yarasalarında SARS-CoV-2 virusunun oxşarları olduğu müəyyən edilib

Kamboca yarasalarında SARS-CoV-2 virusunun oxşarları olduğu müəyyən edilib

Tarix: 10 Noyabr 2021 21:06

Kamboca ərazisində 2010-cu ildə tutulmuş yarasaların nalburunkimilər fəsiləsinə aid nümayəndələrində alimlər SARS-CoV-2-yə bənzəyən iki virusun izini müəyyən ediblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə, Çinin hüdudlarından kənarda yarasada SARS-CoV-2-nin yaxın qohumlarının aşkarlanması bu cür viruslara əvvəl hesab edildiyindən daha geniş dairədə rast gəlindiyini göstərir.

Alimlər yeni növ koronavirusun dəqiq yaranma tarixini hələ müəyyənləşdirməyiblər. Güman edilir ki, onun "əcdadı" keçən əsrin ortalarında Şərqi Asiyada yarasalar arasında yayılmağa başlayıb. Vəziyyəti çətinləşdirən odur ki, son bir il ərzində alimlər pandemiya başlamazdan əvvəl götürülmüş insan qanı nümunələrində SARS-CoV-2-yə qarşı antitel izləri də aşkar ediblər. Məsələn, bu, Kamboca sakinlərinin çoxu üçün xarakterik olub.

Fransanın Paster İnstitutundan Etyen Simon Loryerin rəhbərliyi ilə alimlər Uxanda COVID-19 virusunun yayılmasından öncə Cənub-Şərqi Asiya əhalisinin SARS-CoV-2-yə bənzər viruslarla təmasda olmasına dair əlavə sübutlar tapıblar. Onlar Kambocanın müxtəlif ərazilərindən toplanmış yarasa və digər məməlilərdən götürülmüş qan və digər bioloji mayenin 400-dən çox nümunəsini tədqiq ediblər. Canlıların sırasında nəzəri baxımdan koronavirusun daşıyıcıları olan altı müxtəlif yarasa fəsiləsi və ətyeyən məməlilərin digər iki fəsiləsinin nümayəndələri də olub.

Simon-Loryer və onun həmkarları "Rhinolophus shameli" yarasa növündə SARS-CoV-2, -RshSTT182 və RshSTT200-ə bənzəyən virus izini aşkar ediblər. Maraqlı odur ki, virusların aşkar edildiyi bu canlılar Çin ərazisində yaşamır. RshSTT182 və RshSTT200 genom strukturlarının analizi göstərib ki, onlarda SARS-CoV-2 virusunun bəzi əsas cəhətləri var, lakin onlar insan hüceyrəsinə keçə bilmir. Alimlər RshSTT182 və RshSTT200-ün "əcdadları" arasında fəal genetik mübadilə izini müəyyən ediblər.

Tədqiqatçıların fikrincə, Cənub-Şərqi Asiyadakı yarasa populyasiyalarında koronavirusun SARS-CoV-2-yə bənzər və onun təkamülündə potensial rol oynamış digər növləri də gizlənə bilər. Alimlər bunları gələcək tədqiqatlarda öyrənməyə ümid bəsləyirlər.

Milli.Az


Etiketlər:  Kamboca yarasalarında SARS CoV 2 virusunun oxşarları olduğu müəyyən edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ