Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibb bacısı: Yaralı əsgərlərin düşmənə qarşı olan nifrətləri ağrılarından daha şiddətli idi - FOTO

Tibb bacısı: Yaralı əsgərlərin düşmənə qarşı olan nifrətləri ağrılarından daha şiddətli idi - FOTO

Tarix: 10 Noyabr 2021 23:52

Vətən müharibəsi dövründə həm Gəncədə, həm də Füzulidə yaralılarımıza xidmət göstərənlər arasında idim. Elə mənzərələrlə qarşılaşdım ki, sözlə ifadə edə bilmirəm. Hərbçilərimizin yaralı halda cəbhəyə can atmaları, özləri xəsarət alsalar da, dostlarının xilası üçün həkimlərə xahiş etmələri... Qələbə, sevinc, kədər... Qarışıq hisslər və qarışıq duyğular yaşadıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasında reanimasiya və anestezioloji şöbəsinin tibb bacısı Səbinə Hacıyeva deyib.

S.Hacıyeva Vətən müharibəsinin ilk günlərindən son gününədək yaralılara xidmət göstərən ağ xalatlı qəhrəmanlardandır. O, həmin günləri belə xatırlayır: "İşdən evə qayıdarkən mobil telefonuma qəfil zəng gəldi. Böyük tibb bacısı Gülmirə xanım idi. Telefonu açdım. Mənə dedi ki, saat 18:00-da təcili şəkildə xəstəxananın həyətində ol. Dərhal nə baş verdiyini soruşdum və bildirdi ki, cəbhə bölgəsinə gedirik. Mən bir anlıq susdum və heç bir söz deyə bilmədim. Çünki evimdə atalarını itirmiş və ümidlərini mənə bağlamış üç övladım var. Lakin fikirləşmədən dedim ki, gəlirəm. Sonra evə tərəf getməyə başladım, bir tərəfdə övladlarım, bir tərəfdə isə Vətən sevgisi. Evə daxil oldum və tez övladlarıma dedim ki, mənim qalın paltarlarımı yığın, üçü də bir ağızdan dedilər "niyə ana?". Fikirləşdim, necə başa salacağımı bilmədim, daha sonra cəbhə bölgəsinə gedəcəyimi dedim. Birdən uşaqlarım ağlamağa başladı, "Ana, bizi tək qoyub hara gedirsən?". Mən uşaqlarıma dedim ki, cəbhədə bizə ehtiyac var, bu, mənim işimdir və mən öz işimi məsuliyyətlə yerinə yetirməliyəm. Bu mənzərə mənim heç bir vaxt nə yadımdan, nə də gözümün qabağından getməyəcək. Uşaqlarım məni ağlaya-ağlaya yola saldılar və mən onlara hər şeyin yaxşı olacağını, biz torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev və güclü Ordumuzun sayəsində mənfur düşmənlərdən azad edib alnıaçıq qayıdacağımızı dedim.

Bütün kollektivimiz yığılıb maşın karvanı ilə Gəncəyə yola düşdük. Bakıdan xeyli həkim getmişdi. Yollarda gördüyümüz tanklar, əsgərlərlə dolu maşınlar adamı vahiməyə salırdı. Bütün əsgərlərin gözlərində sevinc var idi. Hamı gülür bir ağızdan qışqırırdılar: "Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!"

İlk öncə Gəncənin hospitalına yerləşdik. Bizə cərrahiyyə şöbəsinin müdiri Elmir Əsgərov rəhbərlik edirdi.

Hospitala çatar-çatmaz qarşılaşdığımız mənzərə, əsgərlərimizin qan içərisində olan görüntüləri bütün tibb işçilərinə çox pis təsir etdi. Bir an sanki bildiklərimiz, hər şey yaddaşımızdan silindi. Həmin anda dərhal özümüzü ələ alıb, əsgərlərimizə yardım etməyə başladıq.

Baxmayaraq ki, igidlərimiz yaralı halda qan içərisində idilər ağrılarını büruzə vermir, sadəcə bunu deyirdilər: "Bizi tez sağaldın, geri qayıdıb qardaşlarımıza kömək etməliyik".

Sentyabrın 28-də Gəncə hospitalından çıxıb Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdik və işimizə orada davam etdik. Gələn yaralı əsgərlərimizin ardı-arası kəsilmirdi. Bəziləri gözlərindən yaralı idi, kimisi qolunu, ayağını itirmişdi. Düşmənə qarşı olan nifrətləri ağrılarından daha şiddətli idi. Yaralı əsgər və zabitlərimizin sözləri, cəsarəti bütün işçiləri kövrəldirdi".

Tibb bacısı yaşadığı duyğulu, həyəcanlı anlardan da bəhs edib. O deyib: "Bir dəfə əməliyyat masasında yaralı əsgərə sarıldım. O, mənə "Olar mən sizə anam deyə müraciət edim? Sizdən anamın qoxusu gəlir". Mən də "əlbəttə, oğlum, mən də sənin anan hesab olunuram" dedim. Onun bu sözləri bu gün də yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm.

Oktyabrın 4-də düşmən ilk dəfə Gəncə şəhərinə raket atdı. Gəncə şəhəri döyüş bölgəsindən kənarda olmasına baxmayaraq, şəhərin bombalanması çox dəhşətli idi. Düşmən öz xislətini bir daha ortaya qoymuşdu. Daim Bakıda yaşayan, heç vaxt güllə, bomba, atəş səsi eşitməyən biri olaraq bu səsləri eşitmək çox ağır gəlirdi.

Bir həftə sonra atılan raket Abbas Səhhət Xəstəxanasının sağ tərəfinə düşdü. Bir anlıq hər yer qaranlığa büründü. İnsanların, təcili tibbi yardım maşınlarının səsi ətrafa yayıldı. Dərhal yaralılar xəstəxanaya gətirildi və biz onlara ilkin tibbi yardımlarımızı göstərməyə başladıq.

Mənfur düşmənin atdığı raketlər, güllə səsləri bizi sarsıtmadı. Öz işimizi ləyaqətlə görməyə davam edirdik.

Oktyabr 27-si isə bir sıra həmkarlarımla birlikdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən Diaqnostika Mərkəzinə yollandım. Füzuli rayonunda gördüyümüz mənzərə Gəncədəkindən daha ağır idi. Bir tərəfdə şəhidlərin nəşinin gətirildiyi maşınlar, digər tərəfdə onların yerləşdirildiyi mağarlar. Həmçinin burada da gün ərzində onlarla əməliyyatlar aparılırdı. Şahid olduğum bir hadisə isə yaddaşımda dərin iz buraxdı. İki dost bir gündə yaralanmışdı. Onlar eyni gündə, eyni əməliyyatxanada əməliyyat olundular. Əsgərin biri ayaq nahiyəsindən, digəri isə bud nahiyəsindən xəsarət almışdı. Bud nahiyəsindən yaralanan əsgərin qan itkisi çox idi. Digər əsgər isə dostunun ayağının kəsiləcəyini düşünüb, cəld qışqırdı: "Onun ayağını kəsməyin, o subaydır. Nə edəcəksinizsə, mənə edin, mən evliyəm". Əməliyyatxanadakı işçilər göz yaşlarını saxlaya bilmədilər. Həkimlərdən biri "qorxma, ayağını kəsməyəcəyik" dedi. Çox şükür ki, hazırda hər iki qazimiz də sağ-salamat ailələrinin yanındadılar.

Noyabrın 2-i yenidən Gəncəyə yola düşdük. İşimizə burada davam etdik.

Noyabrın 10-da gecə saatlarında Ali Baş Komandan İlham Əliyev müharibədə Zəfər çaldığımızı elan etdi. Bütün xəstəxana sevinc və qürur hissi keçirdi, hamı bir-birinə sarıldı. Sevinc gözyaşları, şükran duaları xəstəxananı bürümüşdü. Bu günü səbirsizliklə gözləyirdik.

Biz noyabrın 13-də Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında işimizi bitirərək Qələbə sevinci ilə Bakıya qayıtdıq. Çox sevinirəm ki, xalqımızın çətin və şərəfli günündə düşmənə sipər olan Vətən oğullarına xidmət etmək mənə də nəsib oldu.

Allah şəhidlərimizə rəhmət etsin! Qazilərimizə isə Uca Yaradandan can sağlığı arzu edirəm! Zəfərimiz mübarək!"


Etiketlər:  Tibb bacısı Yaralı əsgərlərin düşmənə qarşı olan nifrətləri ağrılarından daha şiddətli FOTO


RƏYLƏR