Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 21:18
Rusiya ordusuna məxsus "Su-34" tipli döyüş təyyarələri Suriyanın İdlib şəhəri yaxınlığındakı toyuq fermasına üç hava zərbəsi endirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə suriyalı müxaliflər məlumat yayıblar.
İlk təsbitlərə görə hücumda 3-ü uşaq olmaqla 5 mülki vətəndaş həyatını itirib. Xəsarət alan 4 mülki vətəndaşın hamısı xəstəxanaya aparılıb.
Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri gün ərzində İdlibin şimalındakı Maratmisrin qəsəbəsində qaçqın düşərgələrinin cəmləşdiyi bölgəyə də hava zərbələri endirib.
Suriyanın şimal-qərbindəki İdlib əyaləti vətəndaş müharibəsi başlayandan bəri müxalifətin "son qalası" kimi tanınır. İdlibin mərkəzi 2015-ci ilin martında silahlı müxaliflərin nəzarətinə keçib. İdlib Əsəd rejimi və onun müttəfiqi rus ordusunun ən çox hədəf aldığı bölgələrdən biridir.
Türkiyə, Rusiya və İran 4-5 may 2017-ci il tarixlərində keçirilən Astana görüşündə İdlib və ətrafını "təhlükəsiz bölgə" elan ediblər. Rejim qüvvələrinin atəşkəsi tez-tez pozmasından sonra Türkiyə və Rusiya arasında əlavə razılaşma əldə olunub.
Rejim və rus qüvvələr bu razılaşmaya baxmayaraq, hücumları davam etdirir.