Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 23:14
Rejissor Rüfət Həsənovun "Daxildəki ada" filmi "94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib.
Sonxeber.net Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, İttifaqının Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film "Xarici dildə ən yaxşı film" nominasiyasında Azərbaycanı təmsil edəcək.
"Daxildəki ada" filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, təsvir rejissoru Orxan Abbasov, baş prodüserləri Müşfiq Hətəmov, Kamal Həsənov və Rüfət Həsənov, icraçı prodüserləri Nadir Əliyev və Kamran Ağabalayev, müştərək prodüseri Giyom de Seydir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası, "Arizona Production", "Coyote Cinema", "Mandarin Agency" və "Debüt" Studiyasının birgə istehsalı olaraq çəkilən "Daxildəki ada" bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Qeyd edək ki, Oskar mükafatlandırma mərasimi 27 mart 2022-ci ildə keçiriləcək.