Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2019 15:57
Bakı. Trend:
Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Mazımçay" gömrük postunda keçirilən növbəti təlimə gömrük postunun bütün əməkdaşları cəlb olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təlimlərin məqsədi gömrük-sərhəd buraxılış məntəqələrində xidmət səviyyəsinin ən qabaqcıl beynəlxalq təcrübələrə, innovativ üsullara əsaslanan formada optimallaşdırılması, o cümlədən funksional idarəetmənin mütərəqqi metodlarının tətbiqi, ölkə vətəndaşlarına və əcnəbilərə yüksək gömrük xidmətinin göstərilməsidir.
Xatırladaq ki, avqustun 19-dan başlanan təlimlərdə gömrükçülərə peşəkar psixoloq və mütəxəssislər tərəfindən vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması, eləcə də ünsiyyət prosesində müşahidə oluna bilən nöqsanlı halların neqativ təsirlərinin minimallaşdırılması istiqamətləri üzrə zəruri biliklər verilir və praktiki məşğələlər keçirilir.
Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xidmət keçən 500-ə qədər gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.
İkiaylıq müddəti əhatə edəcək təlimlərdə "Müasir vətəndaş kimdir və nə istəyir", "Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri", "Keyfiyyətli xidmət və vətəndaş məmnunluğu", "Vətəndaşla münasibətlərin idarə olunması", "Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqları" və xidmət səviyyəsinin yüksəldilməsi üçün vacib olan digər mövzular tədris olunacaq.
Qeyd edək ki, "Mazımçay" gömrük postunda keçirilən təlimlər 1 həftə davam edəcək. Təlimlərin növbəti mərhələsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin