Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2021 21:42
Narkotik maddələrdən istifadə xüsusilə özünəgüvəni az olan gənclər arasında daha geniş yayılıb. Narkotika istifadə edənlər, adətən, maddə qəbulundan sonra özlərini qısa müddətlik "xoşbəxt" hiss edir və özlərini "qəhrəman" kimi təsəvvür edirlər. Nəticədə, narkotik maddələrə meyil və fiziki asılılıq yaranır. Bəzi gənclər "yüngül narkotiklər" adı altında təbliğ edilən maddələrdən istifadə edir və düşünürlər ki, bu təbii bitkilər heç bir asılılıq yaratmır. Belə deyil, ziyansız narkotika yoxdur. Vətəndaşları bu cür təbliğat alətlərinə aldanmamağa, onları daha diqqətli olmağa çağırıram.
Sonxeber.net xəbər verir ki, həkim-narkoloq Araz Manüçöhri narkotik maddələrin mənfi təsirlərindən danışıb.
Həkim-mütəxəssis qeyd edib ki, narkotika istifadə edən gənclər onun ziyanlarını bir neçə istifadədən sonra hiss etməyə başlayır və peşman olurlar: "Lakin narkomaniyadan tamamilə xilas olmaq mümkündür. Cəmiyyətdə bunun mümkünsüz olduğu bilinir, amma bu, yanlış stereotipdir. Narkotik maddə istifadəsini tərgitmək həm də iradə məsələsidir. Nəzərinizə çatdırım ki, siqareti belə tərgidə bilməyənlər var, lakin iradəsi möhkəm olanlar həkim dəstəyi nəticəsində, bu bəladan tamamilə xilas ola bilirlər. Narkotik maddələr ciddi psixi pozuntulara səbəb olur. Narkotikanın fiziki təsirlərini aradan qaldırmaq az vaxt aparsa da, psixoloji müalicə uzun zaman tələb edir. Ona görə də narkomaniya ilə mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməli, yəni, cəmiyyət problemin həllinə mütləq töhfə verməlidir".