Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2021 12:56
Böyük Britaniya, Kanada, Ukrayna və İsveç xarici işlər nazirləri İranın vurduğu Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing" təyyarəsinə görə təzminat ödənişləri ilə bağlı danışıqlara başlamaqdan imtina etməsini pisləyib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə vətəndaşları sözügedən təyyarənin göyərtəsində olan ölkələrin yaydığı birgə bəyanatında deyilir.
"Biz, Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanı təmsil edən nazirlər, İran tərəfindən vurulmuş PS752 reysi ilə uçan "Boeing" təyyarəsi ilə bağlı təzminatları müzakirə etmək üçün 22 noyabr 2021-ci ildə görüşmək üçün islam respublikasına göndərilmiş çoxsaylı təklifləri qəbul etməkdən imtina etməsindən dərin məyusluğumuzu bildiririk. Biz İran İslam Respublikasına beynəlxalq hüquqa uyğun olaraq, təsirə məruz qalan ölkələr qrupuna tam təzminat ödəməyə borclu olduğunu xatırladırıq və bu müddət başa çatana qədər xoş niyyətlə danışıqlara başlamaq çağırışımızı təkrar edirik", bəyanatda deyilir.
Həmçinin sənəddə vurğulanır ki, 4 ölkənin xarici işlər nazirləri İranın baş verənlərə görə məsuliyyətə cəlb edilməsinə birgə səy göstərəcəklər və Tehran müzakirədən yayınmağa davam edərsə, məsələnin beynəlxalq hüquq çərçivəsində həlli üçün gələcək addımlar və tədbirlər məsələsini ciddi şəkildə nəzərdən keçirəcəklər.
Xatırladaq ki, Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb. Həlak olan 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan "Boinq" təyyarəsini "düşmən hədəfi" ilə səhv salaraq, səhvən vurduğunu açıqlayıb.