Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 15:08
Ağdam və ətraf rayonlarda pambıq yığımı artıq başa çatıb. Lakin sahələrdə hələ də məhsul qalmaqdadır. Fermerler texniki pambıq yığımı üsulunun məhsul itkisinə səbəb olduğunu və texnika ilə yığımdan sonra sahələrdə 20-25 faiz pambıq qaldığını deyirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, təsərrüfat sahibləri deyirlər ki, texnikalar məhsulu tam yığmamaqla bərabər, yerə də çox məhsul tökür. Bu isə onların qazancını azaldır.
Yerdə qalan məhsulu əl ilə yığıb zavodlara təhvil vermək istədikdə isə, qarşı tərəf bundan imtina edir. Səbəb kimi isə pambığın təmiz olmaması göstərilir.
Təsərrüfat sahibləri bildirirlər ki, bir hektar sahədən əl ilə pambıq yığımı 250-300 manata başa gəldiyi halda, texnika vasitəsilə bu rəqəm 150 manata düşür. Ancaq texnika məhsulu iki dəfədən artıq yığmır. Üçüncü dəfə məhsul yığımını əl ilə həyata keçirmək mümkün olsa da, təsərrüfatçılar yığdıqları pambığı sata bilmirlər.
Məsələ ilə bağlı "Azərpambıq" MMC-nin Bərdə filialından münasibət almaq istəsək də, suallarımızı cavablandıran olmadı. Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov isə "Xəzər Xəbər"ə bildirdi ki, fermerlərin haqlı narazılığına səbəb olan bu problem onları da narahat edir. Əvvəllər pambıq zavodları yerdə qalan ən son məhsulu götürsələr də, son illər pambıq sahələri artdığından zavodlar bu cür məhsulu qəbul etmirlər.