Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 22:10
Koronavirusun bu yaxınlarda aşkar edilmiş "omikron" variantına qarşı mövcud vaksinlərin effektivliyinə dair laboratoriya tədqiqatlarının ilkin məlumatları vəziyyətin ümumi qiymətləndirilməsi üçün faydalıdır, lakin onlar hələ bir çox suallara aydın cavab vermir. Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin İmmunlaşdırma, Vaksinlər və Bioloji Preparatlar Departamentinin direktoru Keyt O`Brayen jurnalistlərə bildirib.
O vurğulayıb ki, mövcud vaksinlər effektivliyin sonradan "cüzi şəkildə azalması" fonunda altı ay və ya daha çox müddətə COVID-19-un ən ağır formalarından qorunmaq məsələsində, xüsusilə də 65 yaşdan yuxarı və ya yanaşı xəstəlikləri olan insanlar arasında "çox yaxşı işləyir". Keyt O'Brayen ehtimal edir ki, "omikron"la vəziyyəti necə idarə etməyin bütün aspektlərini dəqiqləşdirmək üçün klinik məlumatlara ehtiyac var.
ÜST nümayəndəsi təəssüfləndiyini bildirib ki, indiyədək kollektiv immunitetə nail olmaq mümkün olmayıb, qismən ona görə ki, mövcud vaksinlərin bütün effektivliyinə baxmayaraq, "kollektiv immunitet konsepsiyasının qurulduğu səviyyədə işləmir". Bu məqsədin yerinə yetirilməsi vaksinasiyanın ümumi əhatə dairəsinin olmaması səbəbindən pozuldu - yoxsul ölkələrdə hələ də vaksin çatışmazlığı var.
Artıq peyvənd olunmuş şəxslər arasında "sıçrayış yoluxma" adlandırılan infeksiyalara gəlincə, ÜST nümayəndəsi bunda təəccüblü heç nə görmədiyini söyləyib. "Bu, peyvəndlərin işləmədiyi anlamına gəlmir, sadəcə peyvənd olunanların sayı artır", - deyə Keyt О'Brayen bildirib.
Eyni zamanda, o, peyvənd olunmayanların yeni ştama yoluxma riskinin daha çox olduğunu vurğuladı. Məhz onlar ağır xəstəliklərin 80-90 faizini təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatı, varlı ölkələr həddindən çox vaksin ehtiyatı toplamağı dayandırana qədər pandemiyanın tüğyan edəcəyindən ehtiyat edir. Ekspertlər onları ədalətli bölgü mexanizmi - COVAX çərçivəsində yoxsul ölkələrlə bölüşməyə çağırır.
Müxtəlif istehsalçıların peyvəndlərinin mümkün "qarışdırılması" ilə bağlı tövsiyələrə gəldikdə, ÜST ilk iki doza üçün eyni tipli vaksindən istifadə edilməsinin ən yaxşı qorunma üsulunun olması ilə bağlı əvvəlki tövsiyələrini təsdiq edib. Kifayət qədər vaksinin olmadığı ölkələrdə bu yanaşma hər zaman mümkün olmayıb.