Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 11:20
Bakı. İlhamə İsabalayeva - Trend:
İstirahət mövsümü başa çatsa da, biz Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, bu gün əsas fəaliyyət hədəflərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib.
İ.İbrahimova deyib ki, bu günədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib: "Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq. Ən əsas narahatedici məqam vətəndaş olaraq özümüzün istirahət üçün üz tutduğumuz yerlərə müəyyən qədər biganə olmağımızdır. Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt bir günlə yaşayırıq. Sabahı fikirləşmədən tullantılarımızı haraya gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Beləliklə, özümüz özümüzə qayğısız yanaşırıq və nəticədə fəsadlarla üzləşirik. Odur ki, çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə, bir-birimizə aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin