Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 22:28
"Azərbaycan-Qətər əlaqələri yüksək səviyyədə inkişaf edir. İki ölkənin münasibətləri dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qətərin Azərbaycandakı səfirliyinin ölkəsinin Milli Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda deyib.
Nazir beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanla Qətərin uğurlu əməkdaşlıq etdiyini, mühüm məsələlərin həllində daim bir-birlərini dəstəklədiklərini deyib.
Vurğulayıb ki, ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər mövcud əlaqələrin hüquqi bazasını formalaşdırıb. Ötən dövrdə ümumilikdə 40-a yaxın sənəd imzalanıb.
S.Babayev iki ölkə arasında 2016-cı ildə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin əməkdaşlığın inkişafında mühüm rolunu qeyd edib.
O, Prezident İlham Əliyev tərəfindən bu il təməli qoyulmuş Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək layihələrdə Qətər biznes dairələrinin də iştirak etməkdə maraqlı olacağına əminliyini ifadə edib.
Nazir vurğulayıb ki, aazırda azad edilmiş ərazilərdə sürətli şəkildə və geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Qətər iş adamları, biznes dairələri və sərmayəçiləri də həmin ərazilərə sərmayə yatırılmasına dəvət olunur.
S.Babayev birgə səylər əsasında Azərbaycanla Qətər arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib. O, əlamətdar gün münasibətilə bir daha təbrikini ifadə edərək, dost Qətər xalqına firavanlıq arzulayıb.