Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 21:02
"Öz pulumuzu ölçü götürmədikcə, həmişə uğursuzluğa məhkumuq. Pulumuz türk lirəsidir, onunla hərəkət edəcəyik".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ASKON-un 12-ci Baş Assambleyasında çıxış edərkən deyib.
Türkiyə lideri bildirib ki, faiz zəngini varlı, kasıbı kasıb edir:
"Buna inanacağıq. Bununla davam edəcəyik. Xarici valyuta ilə ticarət aparmayan şirkətlərimizə öz pulumuzdan başqa maliyyə alətindən istifadə etməməyi tövsiyə edirəm. Bu paketi açıqladığımız gündən əmanətlərdə xarici valyutadan öz pulumuza ciddi qayıdış var. İlin əvvəlindən həm şirkətlərimizin, həm də vətəndaşlarımızın öz pulumuza qayıtmasını sürətləndirəcəklərinin əlamətlərini görürük".
""Dünya 5-dən böyükdür" deyirik. Biz təhriflərə təkcə öz etirazımızı bildirməmişik. Biz də yeni qlobal idarəetmə və iqtisadiyyat sistemində layiq olduğumuz yeri tutmaq üçün hərəkətə keçdik. İndi biz bütün gücümüzü və resurslarımızı məşğulluğa və sabitliyə yönəlmiş yeni iqtisadiyyatımızın qurulmasına və inkişafına yönəldirik", - Ərdoğan bildirib.
Prezident qeyd edib ki, son zamanlar yaşanılan mühüm problemlərdən biri məzənnənin balanssız dəyişməsi, digəri isə qiymətlərin hədsiz artmasıdır:
"Gördüyümüz tədbirlərlə bu iki problemdən biri olan məzənnənin mənasız dalğalanmasını nəzarət altına aldıq. İl sonu hesabların bağlanması səbəbindən bu günlərdə məzənnənin yenidən oynamağa başlaması müvəqqəti bir vəziyyətdir. İlin əvvəlinə biz hesab edirik ki, məzənnə bu həftənin əvvəli kimi məqbul səviyyədə sabitləşəcək. Biz buna nail olmaq üçün əlimizdə olan vasitələrdən istifadə edəcəyik. Məqsədimiz həm iş adamlarımıza, həm də vətəndaşlarımıza 1 ay, 6 ay, 1 il, 3 il irəlini görə biləcəkləri investisiya və qənaət qərarları verəcək bir inam və sabitlik mühiti təmin etməkdir".
Qeyd edək ki, Türkiyə lirəsi təxminən 2 ay müddətində xarici valyuta qarşısında ucuzlaşandan sonra yeni iqtisadi sistemlə möhkəmləndi. Lakin son günlər bir qədər ucuzlaşıb.