Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2022 11:46
Son zamanlar uşaqlar arasında yoluxma halları kəskin artıb. Valideynlər infeksiyanın bağça və məktəblərdə uşaqlar arasında yayıldığını bildirirlər.
Pediatr Qoşqar İsmayılov Axar.az-a açıqlamasında qeyd edib ki, xüsusən son 2 həftə ərzində yayılan virus bir qədər fərqli mutasiya olunmuş influenza virusudur.
"Uşaqlarda xüsusən yüksək hərarət müşahidə olunur. Xəstəyə hərarətsalıcı, yəni antipiretik dərmanlar verilir. Lakin bəzən qızdırma 8-10 saat normaya düşmür. Yayılan virus xüsusilə kataral əlamətlərlə - daha çox öskürək, burunaxma ilə özünü göstərir. Uşaqlarla yanaşı, böyüklərə də keçir. Müalicəyə baxmayaraq, bir həftə ərzində bu infeksiya təkrarlana bilər", - həkim bildirib.
Q.İsmayılov deyib ki, valideynlər uşaqlarında burunaxma, yüksək hərarət, öskürək, boğazağrısı kimi şikayətlər görərsə, mütləq şəkildə öz pediatrına müraciət etsinlər:
"Vaxtında həkimə müraciət etsinlər ki, xəstəlik sonradan ağırlaşıb pnevmaniya və digər fəsadlar törətməsin. Xəstə uşaqları bağça və məktəbə buraxmasınlar. Qızdırmanın düşməsi hələ sağalmaq demək deyil. Bir çox valideynlər elə başa düşürlər ki, 3 gün qızdırma yoxdursa, uşaq artıq bağçaya gedə bilər. Uşağı öskürə-öskürə bağçaya göndərirlər. Uşaq həm başqasını yoluxdurur, həm də özü yenidən xəstələnir. Bütün bunlara mütləq diqqət etmək lazımdır. Rentgen diaqnostikası da çox önəmlidir. 1 həftədən çox öskürən uşağın rentgen olunması məsləhətdir. Kompüter tomoqrafiyası isə məsləhət deyil. Ümid edirik ki, bu hal mart ayına qədər normaya düşər".