Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2019 12:00
Bakı. Trend:
Azərbaycanın şimal-qərbində yerləşən Qəbələdə qədim zamanlardan insanların əsas məşğuliyyət sahələrindən biri də xalçaçılıq olub. Qəbələdə yaşayan toxucular Şirvan xalçaçılığını öz toxuculuq ənənələri ilə zənginləşdiriblər.
Bütün bunlar nəzərə alınaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2017-ci ildə yaradılan filiallarından biri də Qəbələ rayonunda fəaliyyətə başlayıb.
ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək zövqlə tikilən bina yerləşdiyi əraziyə xüsusi yaraşıq verir. Vahid layihə əsasında inşa olunan filial binasında toxucuların səmrəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.
Hazırda burada 60 nəfərə yaxın toxucu çalışır. Bu toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında xalçaçılığın sirlərinə yiyələniblər.
Filialda əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Burada indiyədək 570 kvadratmetr xalça toxunub. Kollektiv keyfiyyətli məhsul istehsalına xüsusi fikir verir. Toxucular bilir ki, onların ərsəyə gətirdikləri xalçalar dünya bazarına çıxarılır.
Deməli, dünyada Azərbaycan xalçasının şöhrətini qorumaq üçün keyfiyyətli məhsul istehsalı əsas şərtdir.
Emalatxanada toxunan xalçalar barədə danışan usta xalçaçı Rəsmiyyə Salmanova bildirir ki, “Azərxalça”nın digər filialları kimi, burada da yun, xovlu xalçalar istehsal olunur. Xalça çeşniləri Səhmdar Cəmiyyətin xalçaçı-rəssamları tərəfindən hazırlanır. Fəaliyyət göstərdiyi dövrdə filialda 170 xalça kəsilib.
Emalatxanada toxunan ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub. Uzunluğu 6, eni isə 4 metr olan bu Şirvan xalçasını peşəkar toxuculardan Xalidə Cəlalova, Xatirə Şəkərxanova və Aygün Nəsirova birlikdə toxuyublar.
Usta xalçaçının sözlərinə görə, filialda orta nəslin nümayəndələri ilə yanaşı, gənclər də çalışırlar. Burada işləyən gənc toxucuların peşəkarlığının artırılması məqsədilə ardıcıl tədbirlər görülür. Onlar üçün tədris-hazırlıq kursları, ustad dərsləri keçirilir.
Xalça istehsalı emalatxanasında çalışanlar onlara yaradılan şəraitdən razılıqla danışırlar. Toxucu Məkanə Kərimova deyir ki, Qəbələdə tarixən xalça toxunması ilə məşğul olunub. Bu bölgədə toxunan xalçalar özünün zəngin naxış elementləri ilə seçilib. Duruca kəndində toxunan xalçalar bütün dünyada məşhur olub. Ancaq burada heç vaxt kütləvi xalça istehsalı təşkil edilməyib. Toxucular ərsəyə gətirdikləri xalçaları öz evlərində toxuyublar. Hər kəs xalça toxunması üçün öz evində lazımi şəraiti yarada bilmir. Əlbəttə ki, bu da xalçanın keyfiyyətinə öz təsirini göstərir. Qəbələ toxucuları Prezidentimizə həmişə minnətdar olacaqlar ki, bizim üçün hər cür şəraiti olan xalça fabriki yaradıb. İndi biz işıqlı emalatxana binasında qədim xalçalarımıza yeni həyat veririk. Prezidentimizin və birinci xanımın “Azərxalça”nın filiallarının açılışlarında iştirakı, toxucularla görüşü, onların qayğı və problemləri ilə maraqlanması bizi bu qədim sənətə daha sıx tellərlə bağlayıb. Biz bilirik ki, Azərbaycan xalçaçılarının cənab İlham Əliyev və Mehriban xanım Əliyeva kimi himayədarı və qayğıkeşi vardır".
Gənc toxucu Ləman Mehdizadə xalçaçılığın sirlərinə “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kursunda yiyələnib. Ləman xalçaçılığa marağı olan gənclərin işlə təmin edilməsi baxımından “Azərxalça”nın Qəbələ filialının yaradılmasının mühüm əhəmiyyət daşıdığını bildirir: “Bu filial onlarla gəncin daimi iş yerinə çevrilib. Bizə həm xalça toxumağı öyrədiblər, həm də iş yeri ilə təmin ediblər. Bütün bunlara görə, dövlətimizə dərin minnətdarlığımızı ifadə edirik”.
“Azərxalça”nın Qəbələ filialı öz fəaliyyətini uğurla davam etdirir və qədim xalçaçılıq ənənələrinin yaşadılmasına öz töhfəsini verir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin