Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 23:15
17 yanvar 2022-ci ildə xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Sonxeber.net-a verilən məlumata görə, qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov Azərbaycanın Monteneqro ilə münasibətlərin inkişafına əhəmiyyət verdiyini bildirdi. O, iki dövlət arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olmasından və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə etdi. Nazir, parlamentin sədrinin hazırkı səfərinin və bu çərçivədə keçirilmiş görüş və müzakirələrin ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etdi.
Parlamentin sədri Aleksa Beçiç səmimi salamlamaya və qonaqpərvərliyə görə təşəkkür bildirdi. Səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri, habelə Baş nazir ilə keçirilmiş görüşlərə məmnunluqla istinad etdi. Münasibətlərin inkişafında hər iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyəti xüsusilə vurğulandı. Aleksa Beçiç Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində ölkəsinə göstərdiyi humanitar yardımı minnətdarlıqla qeyd etdi.
Tərəflər iki ölkə arasında iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, o cümlədən turizm sahələrində əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi apardılar. İki ölkənin siyasi sahədə, eləcə də konsulluq sahəsində məsləhətləşmələri davam etdirməsinin vacibliyi qeyd olundu. Habelə, iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi baxımından hökumətlərarası birgə komissiyanın fəaliyyətinin önəmi vurğulandı.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də 30 ilə yaxın davam edən işğala son verən 44 günlük müharibənin nəticələri, azad olunmuş ərazilərimizdə həyata keçirilən yenidənqurma işləri, çoxsaylı məcburi köçkünlərin mümkün qədər qısa zamanda şərəfli və təhlükəsiz geri dönüşünü təmin etmək üçün hökumət tərəfindən görülən təxirəsalınmaz tədbirlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi sahəsində fəaliyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı atılan addımlar barədə məlumat verdi.
Aleksa Beçiç dost Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü Monteneqronun hər zaman dəstəklədiyini qeyd etdi. O, ölkəsinin sülh və dialoqun gələcəyinə inandığını qeyd etdi, bu xüsusda bölgədə sülh quruculuğu fəaliyyətində Azərbaycana uğurlar arzuladı.
Monteneqro Parlamentinin sədri Azərbaycan xarici işlər nazirini ölkəsinə səfər etməyə dəvət etdi.
Nazir Ceyhun Bayramov dəvətə görə təşəkkürünü bildirdi və Azərbaycanın ikitərəfli əlaqələrin daha da inkişafına hazır və sadiq olduğunu səsləndirdi.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.