Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 21:06
Özümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmazlığı olduğunu düşünürük. Bunu təmin etmək, immuniteti gücləndirmək üçün vitamin kompleksləri qəbul edilir. Bu isə müxtəlif xəstəliklərə səbəb ola bilər. Məsələn, həkim məsləhəti olmadan qəbul edilən A vitamini qaraciyər, C vitamini böyrək və mədə üçün təhlükəlidir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nərgiz Kərimova deyib: "Vitaminlərin qəbul olunması xəstəliklərin gedişini daha da yüngülləşdirir. Lakin bəzi xəstəliklər var ki, bu zaman vitaminlərin həkim məsləhəti olmadan qəbulu fəsadlar törədə bilər. Məsələn, allergik xəstəlikləri olanlarda müəyyən vitaminlər, xüsusilə C vitamini daha çox reaksiya yarada bilər. Son vaxtlar D vitaminin qəbul edilməsi xüsusilə çoxalıb, bu da bəzən vitamin artıqlığına səbəb olur".
Araşdırmalar göstərir ki, çoxlu vitamin qəbulu prostat xərçənginin yaranmasına da aparıb çıxar bilir: "Elə insanlar var ki, onlar orqanizm daxilində nələr və hansı miqdarda olmağından xəbərsizdirlər. Bu zaman onlar vitaminləri qəbul edərək onkoloji prosesləri sürətləndirir və həmin proseslər vitaminlərin köməyi ilə daha sürətlə gedir. Aşırı dozada B vitaminlərinin qəbulu onkoloji xəstəliklərin sürətlənməsinə səbəb ola bilər. Bundan başqa K, A və E vitaminlərinin qəbul edilməsi də orqanizmdə müəyyən toksiki problemlərə səbəb ola bilər", - deyə müsahibimiz bildirib.
İnsan xəstələndiyi zaman ilk olaraq C vitamininə müraciət edir, ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi oksalat daşlarını formalaşdıra bilər. Anemiya xəstəlikləri zamanı dəmirlə birlikdə C vitamini tövsiyə edilir. Həkim-terapevtin dediyinə görə, ancaq dəmir yığını olan hemokomotoz vəziyyətlərdə və hemolitik anemiyalarda həmin dərmandan istifadəsi tövsiyə edilmir: "Bütün vitaminlər kimyəvi maddələrdən təşkil olunub. Vitaminlərdən istifadə edərək xəstəliklərin qarşısını almaq üçün bunu təbii yolla meyvə-tərəvəzlərdən düzgün istifadə etməklə də balansı normallaşdırmaq olar".
Vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin ehtiyacını ödəməkdir. Mövsümə uyğun qəbul edilən təbii şirələr ən zəngin vitamin və mineral qaynağıdır.