Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 17:10
"Bu günlərdə, daha dəqiq desək, 20 yanvar günü atamın növbəti doğum günü idi. Heç vaxt ad gününü həmin gün keçirməzdi, deyərdi ki, bu gün millətimin hüzn günüdür, mənə yaraşmaz ki, ad günü keçirim! 44 yaşına qədər ad günlərini gözəl qeyd edib. Atamın doğum günündə əməkdar artist Aybəniz Haşımovadan başqa heç kim bizə yazıb, yada salmadı. Aybəniz xanım nəinki doğum və anım günlərində, hər zaman bizi yada salır. Firuzə İbadova da atamın hər zaman hörmətini saxlayır və ara-sıra bizimlə əlaqə saxlayır. 3-cü bir adam yoxdur ki, mən ad sadalayım".
Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış bəstəkar Tahir Əkbərin qızı Bəhriyə Əkbərzadə deyib. O daha sonra əlavə edib.
"Hər zamankı kimi Tahir müəllimi xalq yada salır. Heç bir müğənnidən, sənətçidən zəng-filan da gözləmirəm, hətta durub zəng etsələr belə əsəbləşə bilərəm. Bütün bunlar atamın sağlığında edilməli idi. Televiziyada çıxıb atamın mahnılarını da oxumayın, bizə xalqın sevgisi bəs edir. Xalq bizi sevsin, dəyərləndirsin, hansısa müğənninin sevgisinə ehtiyacımız yoxdur. Atamın ürəyində arzuları çox idi, hətta deyərdim ki, heç bir arzusu həyata keçmədən rəhmətə getdi. İstəyirdi ki, dəniz kənarında balaca bir evi olsun, dənizə baxa-baxa bir balet yazsın. Amma bu arzusu da həyata keçmədi. Mənim də ürəyimdə o qədər arzularım var ki. Düzdü, atam 72 yaşına qədər yaşadı, amma hər zaman həyatı çətin oldu. Ölümünə 4 ay qalmış vitse-prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı onu sevindirirdi. Uşaq kimi sevinirdi. Bir daha ailəmiz adından ona öz təşəkkürümüzü bildiririk. Atamın ölümündən 1 il sonra dəyərli millət vəkilimiz Novruz Aslan məni Qızıl Aypara Cəmiyyətinə işə götürdü. Bu dəstəklər bizə çox böyük təsəlli oldu, atamın yoxluğundan sonra aldığımız travmaları az da olsa azaltdı", - deyə bəstəkarın qızı bildirib.
O daha sonra atasının mahnılarını icazəsiz oxuyan müğənnilərə müraciət edib.
"Kimlərsə mahnını atamdan pul ilə alıb oxuyur, sözüm onlara deyil. Atamın mahnılarını icazəsiz oxuyan müğənnilərə qarşı çox yaxın günlərdə tədbirlər görüləcək. Kim icazəsiz Tahir Əkbərin mahnılarını oxusa, qonorar ödəməli olacaq. Mahnını oxuyurlar, demirlər ki, bu mahnını kim yazıb, bəstəkarı kimdir?! Atam mahnıları xalq üçün yazıb, amma əməyə hörmət əlaqməti olaraq ad çəkib, ruhu şad olsun demək elə də çətin bir şey deyil. Heç olmasa məzarına aparıb bir gül dəstəsi qoyun. Atam bir çoxlarına əl tutub, amma onların heç biri atam xəstə olanda, yaxud dünyasını dəyişəndən sonra onun yanında olmadılar", - deyə bəstəkarın qızı Bəhriyə Əkbərzadə deyib.