Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 20:00
Ucar rayonunda 1993-cü il təvəllüdlü Əbdül münaqişə zamanı həmkəndlisi Toğrula (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, Əbdül bacısı Sənəmin həmkəndlisi Toğrulla cinsi münasibətlərinə görə qisas almaq qərarına gəlib.
Onların arasında dava 9 sentyabr 2020-ci ildə saat 20 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qazyan Piri" adlanan qəbirstanlığın qarşısında olub.
İstintaq orqanı Əbdülə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.
"Qəbiristanlığın qarşısına getdik"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbdül elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, həmkəndlisi Toğrulu əvvəldən tanıyıb: "Onunla aramızda heç bir ədavət və düşmənçiliyimiz olmayıb. Sənəm mənim bacımdır. Sənəm Toğrulla qonşuluqda ailəsi ilə birlikdə yaşayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində Toğrulun mobil telefonuna zəng edib, öz avtomobili xarab olduğu üçün onu Qazyan kəndinə maşınla aparmağı xahiş edib: "Əmim oğlu Rəsul da yanımda idi. Təxminən 10 dəqiqə sonra Toğrul məni və Rəsulu avtomobilinə götürdü. Toğrul mənə bildirdi ki, ağrıyır, avtomobili idarə edə bilmir. Bu səbəbdən avtomobili mənim idarə etməyimi istədi. Onun maşınında Ucar rayonu, Qazyan kəndi ərazisində yerləşən "Qəzyan Piri" deyilən qəbristanlığın yoluna döndük. Həmin yolda avtomobildən düşərək gözlədik. Toğrul məndən orada niyə gözlədiyimizi soruşdu. Mən də gözləməyi dedim".
"Səhv etdiyini bildirdi"
Əbdül qeyd edib ki, təxminən 10 dəqiqə sonra atası Bahəddin və Sənəmin qayını Elvin "BMV" markalı avtomobillə həmin yerə gəliblər:
"Elvin qardaşının həyat yoldaşı Sənəmə qarşı Toğrulun əxlaqsız hərəkətlər etdiyini bildirdi. Bundan sonra atam Toğruldan nəyə görə belə hərəkətlərə yol verməsini soruşdu. O, əvvəlcə hərəkətlərini etiraf etmədi. Sifətinə iki şillə vurdum. Elvin də onun sifətinə vurdu. Bundan sonra Toğrul səhv etdiyini bildirdi".
"Atam üzünə tüpürdü"
Əbdül qeyd edib ki, həmin vaxt Toğrul atası Bahəddinə yalvarıb: "Daha sonra Toğrulu orada qoyduq və Elvinin avtomobili ilə oradan kəndə qayıtdıq. Bundan başqa aramızda heç bir münaqişə olmayıb. Mən Rəsul və Elvinlə Toğrulu yerə yıxmamışıq. Onun əlini və ayaqlarını iplə bağlamamışıq. Onu yerə yıxaraq yumruq və təpiklə döyməmişik. Toğrulu mən və Elvin ayaq üstə şillə ilə sifətinə vurnuşuq. Atam isə Toğrulun etdiyi hərəkətlərə görə üzünə tüpürdü".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Toğrulun sözlərinə görə, sentyabrın 9-da saat 20 radələrində yaşadığı Ucar rayonu Lək kəndində evində olub: "Bu zaman Əbdül mənə zəng etdi. Avtomaşınlarının xarab olduğunu, onları "Qəzyan Piri" qəbristanlığına aparmağı, orada avtomobillərinin xarab olduğunu bildirdi.
Avtomobilimi işə salaraq Əbdülün yaşadığı evin qarşısına gəldim. Həmin yerdə Əbdül və əmisi oğlu Rəsul avtomobilimə əyləşdilər və qəbirstanlığa tərəf sürməyimi istədilər. Qəbristanlığa çatanda avtomobilin harada olduğunu soruşdum. Avtomobillərinin xarab olamadığını, qazyanlılarla aralarında münaqişə olduğunu, evdə bilməsinlər deyə mənim maşınımda həmin yerə gəldiklərini dedilər".
"Bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər"
Zərərçəkmiş qeyd edib ki, təxminən 3 dəqiqə sonra Bahəddin və Elvin "BMV" marakalı avtomobillə qəbristanlığa gəliblər:
"Bahəddin mənə yaxınlaşaraq qızı Sənəmə söz atdığımı dedi. Sənəmlə aramda heç bir münasibət olmadığını söylədim. Bu vaxt Elvin, Əbdül və Rəsul üstümə hücum etdilər. Üçü məni yerə yıxıb əl-qolumu iplə bağladılar. Yerdə təpik-yumruqla döyməyə başladılar. Təxmənən 40 dəqiqə məni yerdə döydülər. Bahəddin isə kənarda dayanıb, bizə tamaşa etdi.
Sonra Elvin özünə məxsus olan mobil telefonu çıxardaraq məni yerdə yıxılı, əl-qolu bağlı vəziyyətdə telefonun kamerası ilə çəkməyə başladı. Təxminən 10 dəqiqə ərzində məni telefonun kamerasına çəkdi. Sonra Əbdül bildirdi ki, başıma sidik ifraz edib, şəklimi çəksinlər. Lakin bu hərəkəti etmədilər".
Zərərçəkmiş qeyd edib ki, Bahəddin, Əbdül, Elvin və Rəsul ona sözlə hədə-qorxu gəlib, kəndi tərk etməyi, əks halda öldürəcəklərini deyiblər. O bildirib ki, hadisə zamanı onun sol qabırğası sınıb, həmin xəsarəti ona Əbdül təpiklə vuraraq yetirib.
Toğrul bildirib ki, hadisədən sonra özünü pis hiss edib, əvvəlcə şikayət etməyib: "Fikirləşdim ki, məni döyən şəxslər həmkəndliləri olduğundan üzr istəyəcəklər. Bu səbəbdən ilkin ifadəmdə məni mal-qara vurduğunu, bu səəbəbdən xəsarət aldığımı bildirdim".
"Atası və qardaşına danışdım"
Cinayət işi üzrə şahid qismində ifadə verən Elvinin sözlərinə görə, sentyabrın 8-də Bakı şəhərindən Ucarın Lək kəndinə gəlib: "Lək kəndində atamın evində olan zaman qardaşımın azyaşlı qızı Gülnar anası Sənəmin qonşumuz Toğrulla öz evlərində əxlaqsız hərəkətlər etdiyini bildirdi. Qardaşım Vəlinin evinə getdim, Sənəmə hər şeyi bildiyimi dedim.
Sənəm Toğrulla aralarında olmuş münasibət barədə danışdı, onunla görüşdüyünü özü etiraf etdi. Bu zaman qardaşımın evini axtardım, Sənəmin qardaşımdan xəbərsiz işlətdiyi mobil telefonu tapdım. Olanları Sənəmin atası Bahəddinə və qardaşı Əbdülə danışdım".
"İki dəfə şillə ilə vurdum"
Elvinin sözlərinə görə, səhəri gün Bahəddinlə telefon vasitəsilə əlaqə yaradıb: "Bahəddin bildirdi ki, işdədir, saat 15 radələrində evə gələcək. Sonra Toğrulla bu barədə söhbət edib, məsələyə aydınlıq gətirmək lazım olduğunu dedi.
Bir qədər sonra Əbdül zəng etdi, Toğrulla birlikdə "Qazyan Piri" adlanan qəbristanlıqda olduğunu dedi. Bahəddinlə birlikdə özümə məxsus "BMV" markalı avtomobillə həmin yerə, onların yanına getdik. Orada Toğrulun sifətindən tutaraq qardaşımın həyat yoldaşı ilə görüşüb-görüşmədiyini soruşdum. Toğrul etiraf etmədi, Sənəmlə görüşmədiyini bildirdi. Etiraf etmədiyi üçün onun sifət nahiyəsindən iki şillə ilə vurdum. Əbdül də Toğrulu vurmağa başladı.
Bahəddin Toğrula qohumu olduğu və qonşuluqda yaşayaraq qızına qarşı əxlaqsızlıq etdiyinə görə hirsləndiyi üçün halının pisləşdiyini gördük. Onu avtomobilimlə evinə apardıq. Əbdül və Rəsul da bizimlə birlikdə getdilər. Bundan bir neçə gün sonra Toğrulun bizdən Ucar rayon polis şöbəsinə şikayət etməsini öyrəndim".
"Müqavimət göstərə bilmədim"
Cinayət işi üzrə şahid qismində ifadə verən Sənəm qeyd edib ki, Vəli ilə 10 il əvvəl ailə həyatı qurub, birgə nikahdan 2 övladları olub: "Həmkəndlimiz Toğrul bizimlə qonşuluqda yaşayır, aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Toğrul təxminən 2020-ci ilin may ayının hansı günü olması unutmuşam, gündüz saat 13 radələrində yaşadığım evin həyətinə gəldi. Qəflətən içəri daxil oldu, evin alt mərtəbəsinin qapısını bağladı, mənə qarşı cinsi təcavüz etdi.
Toğrula müqavimət göstərə bilmədim. Onu itələdim, həmin vaxt orada ikimiz olmuşuq. Kənardan kimsə bizi görməyib. Ailəm dağılmasın deyə səs-küy salmadım. Toğrula qarşı aktiv müqavimət göstərmədim".
"Ərim boşanmaq üçün məhkəməyə müraciət edib"
Sənəm qeyd edib ki, təxminən iyul ayının sonlarında azyaşlı qızı Elvinə Toğrulun onunla əlaqəsinin olduğunu deyib: "Sentyabrın 9-da qaynım Elvin bizə gəldi. Mənə hədə-qorxu gələrək əlində şəkil olduğunu, qonşumuz Toğrulla görüşdüyümü bildirdi. Əvvəl qorxduğum üçün olanlar barədə Elvinə heç nə demədim. Sonra isə bir dəfə evimizin birinci mərtəbəsində onunla qeyri-ixtiyari cinsi əlaqədə olduğumu dedim.
Qaynım atam və qardaşıma bu barədə məlumat verdi. Məni Elvin atamın evinə gətirdi, əxlaqsızlıq etdiyimi, buna görə məni saxlaya bilməyəcəklərini dedi. Həmin gündən bu günə qədər atamın evində yaşayıram".
Sənəm bildirib ki, boşanmaq üçün həyat yoldaşı ərizə ilə Ucar rayon Məhkəməsinə müraciət edib.
Cəza
Bu cinayət işinə Ucar rayon Məhkəməsində baxılıb. Əbdül 1 il 6 ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzаsınа məhkum edilib.
Əbdülün üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Lək kəndində yerləşən evi axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulub.
Hökmdən narazı qalan Əbdülün müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil şikayətində Əbdülün günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Apelyasiya şikayətinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Akif Eyvazovun sədrliyi ilə baş tutan iclasda apellyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.
Apellyasiya şikayəti təmin olunmayıb.