Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2022 11:58
Azad edilmiş ərazilərə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə Sonxeber.net-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
"Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər", - məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı - Şuşa - Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı - Şuşa - Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.