Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arvadımın qardaşımla yarıçılpaq şəkillərini gördüm” - Xaçmazda qısqanc ər görün nə etdi

“Arvadımın qardaşımla yarıçılpaq şəkillərini gördüm” - Xaçmazda qısqanc ər görün nə etdi

Tarix: 2 Fevral 2022 09:36

Xaçmaz rayonunda Salman ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Səbinəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il oktyabrın 8-də baş verib.

Salman həmin gün saat 10 radələrində Xaçmaz rayonunun Armudpadar kəndində yaşadığı evdə qısqanclıq zəminində onunla bir evdə yaşayan keçmiş arvadı Səbinəni döyüb, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Salmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Salman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Səbinə ilə 2014-cü ildə rəsmi olaraq ailə həyatı qurub və birgə nikahlarından bir övladları var: "Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən ata evində yaşamışam. Həmin evdə mənimlə bərabər həmçinin qardaşım Aydın da yaşayıb.

2015-ci ildə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsində nəzərdə tutulan əməli törətdiyimə görə Xaçmaz rayon Məhkəməsinin hökmünə əsasən beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildim. 2019-cu ilin yay aylarında həbsdən azad olundum, evə qayıtdım. Evə gəldikdə Səbinənin mənə qarşı dəyişdiyini və soyuduğunu hiss etdim.

Bir gün isə evdə olan xalçanın altından telefon üçün nəzərdə tutulmuş yaddaş kartı tapdım. Kartı yoxlatdırdıqda qardaşım Aydınla Səbinənin dəniz kənarında yarıçılpaq şəkillərini gördüm. Bu səbəbdən 2019-cu ildə boşanmaq üçün Xaçmaz rayon Məhkəməsinə müraciət etdim. Səbinə ilə ayrıldıq.

Bir müddət sonra Səbinə mənə zəng edərək barışmaq və evinə qayıtmaq istədiyini bildirdi. Aydınla daha danışmayacağına söz verdi. Mən Səbinəni evə gətirdim. Lakin Səbinənin evə gəldikdən sonra qardaşım Aydınla bir neçə dəfə danışdığını gördüm. Bu zəmində aramızda bir neçə dəfə mübahisə baş verdi".

Salmanın sözlərinə görə, oktyabrın 8-də, səhər saat 5 radələrində yuxudan oyanaraq işə getmək adı ilə yataq otağından çıxıb və eyvanda olan çarpayının altında gizlənib: "Saat 9.30-da Səbinə yuxudan oyandıqdan sonra yataq otağından çıxdı və Aydının otağına boylanaraq "balam, yuxudan durmusan" dedi.

Səbinə 6 yaşlı qızımızı əl-üzünü yumaq üçün həyətə göndərdi. Qardaşım isə Səbinəyə "balam, gəl səni öpüm" dedi. Səbinə Aydına yaxınlaşdı və onlar öpüşərək divana uzandılar. Mən çarpayının altından çıxdım. Səbinə məni görən kimi üstümə gəldi və evdən qovmamağım üçün yalvarmağa başladı. Aydın isə küçəyə qaçdı.

Səbinənin sifət nahiyəsindən iki dəfə şillə ilə vurdum. Sonra Səbinəyə onu evdən qovacağımı və daha bağışlamayacağımı dedim. Bu səbəbdən Səbinə polisə gedərək barəmdə şikayət etdi".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, əri Salman ailə qurduqdan bir il sonra həbs olunub: "Salman 5 il həbs cəzası çəkdikdən sonra azadlığa çıxdı və evə gəldikdən bir-iki ay sonra qardaşı Aydına məni qısqanmağa başladı.

Aydınla aramızda yaxınlığın olmasını ehtimal edərək 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etdi, biz rəsmi məhkəmə qətnaməsi ilə ayrıldıq. Ayrılandan sonra azyaşlı qızımla atam evinə, Baraxum kəndinə getdim. Bir neçə ay sonra Salman mənimlə barışdı. Biz Xaçmaz şəhərində kirayə ev tutduq, yaşamağa başladıq.

Bir müddət yaşadıqdan sonra dolanışığımız çətin olduğu üçün yenidən Armudpadar kəndinə Salmanın ata evinə qayıtdıq. Salman mənə qardaşı Aydınla danışmağı qadağa qoydu. Salman bir neçə dəfə məni Aydınla söhbət edən zaman gördüyündən evdə mənimlə mübahisə etdi. Qardaşı Aydınla danışacağım təqdirdə məni məhv edəcəyini dedi".

Səbinə qeyd edib ki, oktyabrın 8-də saat 10 radələrində yaşadıqları evdə Salman yenə onun Aydınla söhbət etməsini görüb: "Bizi güdmək üçün eyvanda olan çarpayının altından çıxdı, məni söydü. Bizə yaxınlaşanda Salmanı qucaqladım, Aydın evdən həyətə qaçdı. Salman sifət nahiyəmə əli ilə 4-5 zərbə vurdu. Zərbələrdən sol gözümün altı və dodağımın sol nahiyəsindən xəsarətlər aldım".

Səbinə ifadəsinin sonunda qeyd edib ki, təqsirləndirilən şəxslə barışmayıb.

Bu cinayət işinə Xaçmaz rayon Məhkəməsində baxılıb.

Salmanın barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib.

Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.


Etiketlər:  Arvadımın qardaşımla yarıçılpaq şəkillərini gördüm Xaçmazda qısqanc görün etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ