Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 13:33
Ermənistandakı Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi məqsədilə keçirilən konfransda Azərbaycanın QHT rəhbərləri UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.
Sonxeber.net xəbər verir ki, müracətdə deyilir:
"Biz, QHT nümayəndələri, bir neçə dəfə UNESCO-ya müraciət edərək Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında sizə məlumat vermişik. Məhz Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir.
Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmamışdır. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi.
Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.
UNESCO-ya ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.
Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir.
Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır.
Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.
Məhz bütün bunları əsas gətirərək biz Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olmuşdur.
Lakin 4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq razılıq ifadə olunub ki, UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçiriləcəkdir. Bu xəbər bizi ruhlandırdı və sizə növbəti müraciəti ünvanlamağa təkan verdi.
Ümidvarıq ki, bu görüş zamanı öz üzərinə öhdəlik götürən Ermənistan UNESCO missiyasının reallaşmasına maneələr yaratmayacaq və bu missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının çoxəsrlik irsinə qarşı törədilmiş əməllərdən xəbərdar olacaq. Ermənistan isə öz əməllərinə görə məsuliyyət daşıyacaq.
Müraciətə əlavə olaraq Sizin diqqətinizə Ermənistan tərəfindən mənimsənilmiş bir sıra maddi daşınmaz mədəni irsin siyahısını da təqdim edirik".
Müraciəti imzalayan QHT rəhbərləri aşağıdakılardır:
1. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" ictimai birliyi
2. Fariz Xəlili - "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi
3. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
4. Azər Əliyev - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
5. Gəray Əlibəyov - "Mədəni İnkişaf Mərkəzi" ictimai birliyi
6. Bəyimxanım Verdiyeva - "Xan Şuşinski" Fondu
7. Tural Gəncəliyev - "Qarabağa dönüş" İctimai Birliyi
8. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti
9. Tahir Əmiraslanov - "Azərbaycan Milli Kulinariya Assosiasiyası" ictimai birliyi
10. Şəlalə Həsənova - "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" ictimai birliyi
11. İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" ictimai birliyi
12. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyi
13. Şəmistan Əlizamanlı - "Vətənpərvərliyin Təbliğinə Dəstək" ictimai birliyi
14. Nurəddin Mehdiyev - "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi
15. Bahar Qasımova - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" ictimai birliyi
16. Davud Rəhimli - Əlil Təşkilatları İttifaqı
17. Fəxrəddin Həsənzadə - "Gənclər üçün Təhsil Mərkəzi" ictimai birliyi
18. Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası ictimai birliyi
19. Mehri Xanbabayeva - "Azərbaycan Tarixçiləri" ictimai birliyi
20. Hacı Abdulla - "Zəngəzur" cəmiyyətləri ictimai birliyi
21. Nəsiman Yaqublu - "Tarix və Mətbuat Araşdırmalarına Dəstək" ictimai birliyi
22. Rəna Mirzəzadə - Gender və İnsan Hüququ Araşdırma Birliyi
23. Mehriban Zeylanova - "Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyi
24. Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyi
25. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi
26. Səltənət Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" ictimai birliyi
27. Yusif Ağayev - "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi
28. Xatirə Vəliyeva - "Xankəndi" məcburi köçkünlərə dəstək ictimai birliyi
29. Səbuhi Abdullayev - "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi
30. Səməd Hətəmov - "Doğma yurda qayıdış" ictimai birliyi