Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevginin növləri bilməyən şəxs “rahatliqla” Allaha şirk qoşa bilərmiş..

Sevginin növləri bilməyən şəxs “rahatliqla” Allaha şirk qoşa bilərmiş..

Tarix: 10 Fevral 2022 21:50

Sevgi nədir? Məhəbbət dediyimiz şey, nədir? Elə bir şeydir ki, insanı hərəkət etməyə məcbur edir. Buna görə də, bir şeyi sevən, onun üçün də hərəkət edəcəkdir. Dünyavi zövqləri sevənlər o yolda, Allahı sevənlər isə, həmin yolda gedəcəklər. Elmi sevən ona da can atacaq. Dinini, Peyğəmbərini ﷺ sevən, qorxu və ümid ilə Allahın razılığını qazanmaq üçün çalışacaq.

Həmin şəxs, Allahın buyuruqlarına təslim olar və buna görə də 'müsəlman' (təslim olan) adını alar. Allahın qadağalarından, qəzəbli olduğu şeylərdən qaçar, Peyğəmbəri sevdiyi üçün onun yoluna sadiq şəkildə yaşayar, sünnəsi/şəriəti ilə əməl edər.

İmanın şirinliyi, bunları sevmədikcə dadılmaz. İman -  bu iki şeylə mükəmməlləşər. İmanı kamilləşmiş bəndə, sevdiklərini Allah üçün sevər. Çünki Allah, o şeyləri sevməyi əmr edib. Bununla yanaşı o, Rəbbinin razı olmadığı şeylərə, Allah üçün nifrət edər. Çünki Allah, onları sevməməyi əmr etmişdir.

Dr. Saleh b. Fəvzan demişdir: "Allah üçün kafirləri sevməmək, ona nifrət nə deməkdir? Bu o demək deyildir ki, sən onlarla döyüşürsən, əmlakını qəsb ediblər və ya sənə qarşı hər hansı başqa bir zülm olunub. Bu sadaladıqlarımız, təbii bir nifrətdir. Yəni, bunlara görə insan, onsuz da təbii bir nifrətlə - nifrət edir. Allah səndən bu nifrəti tələb etmir. Allahın tələb etdiyi nifrət - onların Allaha şərik qoşmaları, Onun haqqını tapdalamaları səbəbilədir." Onun nifrətə layiq olması, Allahın qadağa əmrlərini tərk etməsinə görədir.

Məhəbbətin bir neçə növü vardır ki, bunları bilmək və fərqlərini ayırd etmək hər kəs üçün mütləqdir. İnsanların çoxu, məhz bu məhəbbət növlərini ayırd edə bilmədiklərinə görə azmışlar:

1. İbadət olan məhəbbət.

Bu, Uca Allahı sevməkdir. Tək tanrılığın (tövhidin) təməli və ruhu da - bütün sevginin xalis bir şəkildə sırf Allah üçün olmasıdır. Allah sevgisi, ilah və məbud olaraq Allahın qəbul edilməsinin təməlidir. Bu sevgi, ibadətin həqiqətidir. Qulun Rəbbinə olan sevgisi mükəmməl olmadıqca, tövhidi də mükəmməl olmaz. Mükəmməl bir sevgiyə sahib olmaq üçün, Allah sevgisinin, digər bütün sevgilərin önündə və üzərində olması lazımdır. Bu sevgi, bütün sevgilərin üzərində hakim olmalıdır. Beləliklə də, bütün sevgi növləri, Onun sevgisinə tabe olmalıdır.

İbn Abbas rəvayət edir ki, Rasulullah ﷺ buyurmuşdur: "Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul (Allahın elçisi) olaraq Muhəmməddən razı olan kimsə, imanın şirinliyini dadmış olar." (Muslim)

Təəssüflər olsun ki, insanların çoxu, onları yaradanı və ruzisini kimin verdiyini olduğunu, bəzən işini, bəzən vəzifəsini, bəzən güvəndiyi hər hansı bir şəxsi, bəzən isə, bir pop-starı, bir futbolçunu, bir aktyor və ya aktrisanı, Allahdan daha çox sevər.. O sevdiyi şeylərin düşüncələri ilə yatıb-qalxar.. Bu isə, onu şirkə düşürər. Çünki qəlbindəki Allah sevgisinin yerinə, digərlərinin sevgisini qoymuş və böyük bir qəbahət işləmişdir. Bəli, şirk - təkcə büt və qəbirlərdən mədət ummaq deyilmiş..

2. Allahın sevdiklərini sevmək və Allah üçün sevmək.

Beləliklə də bu qayda, insanların etdikləri əməllərə tətbiq edilir. Yəni, şəxsin zatına - xarici görünüşünə deyil, etdiyi əmələ nifrət edilir. Lakin təəssüflər olsun ki, əksər insanlar bu məsələdə ifrat və təfrid arasındakı doğru balansı saxlaya bilmirlər. Kimisi "filankəsin burnuna bax, gözünə, qaşına bax" deyərək, xəta etmiş insanın əməlinə deyil, zatına nifrət bəsləyir ki - bu da xətadır. Kimisi isə, "əşşi insandı da, nə olsun Allaha üsyan edir, nə olsun ki küfr edir, mən onunla dostluq etsəm də, sevgi bəsləsəm də mənə bir zərəri omaz" - deyə, təfrid edərək, yanlış düşünür.

İnsanı İslama daxil edərək, küfrdən çıxaran da, məhz budur. Bəndə, Allahın sevdiyi əməlləri və şəxsləri sevir, Allahın nifrət etdiyi əməllərə və şəxslərə nifrət edir. Allahın, dost olaraq adlandırdıqlarını dost, düşmən adlandırdıqlarını isə, özünə düşmən bilir. Beləcə, həmin qulun iman və tövhidi kamilləşmiş olur. İnsanlar içərisində Allaha ən sevimli olan, bu məhəbbətdə ən güclü olandır. Yəni, Allahın sevdiklərini sevən kimsədir. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:

"Sizlərdən kim məni, övladlarından, valideynlərindən və bütün insanlardan daha çox sevmədikcə (sevimli olmadıqca) (Allaha) iman etmiş olmaz." (Buxari , Muslim 44)

Məşhur səhabə Abdullah b. Hişam deyir ki, Muhəmməd peyğəmbər ﷺ ilə birlikdə idik. Bu an Ömərin əlini tutmuşdu. Ömər: "Ey Allahın elçisi! Şübhəsiz ki mən səni, öz canımdan başqa hər şeydən çox sevirəm"- dedi. Peyğəmbər: "Canım əlində olan (Allaha)a and olsun ki, öz canından da çox sevmədikcə (imanın kamil) olmaz"- deyə buyurdu. Hz. Ömər: "Bu andan etibarən, Allaha and olsun ki, səni öz canımdan da çox sevirəm" - dedi. Peyğəmbər: "İndi oldu, Ey Ömər!" - deyə buyurdu. "Peyğəmbər möminlərə öz nəfslərindən də yaxındır"(Quran, Əhzab 6) (Buxari 6632).

İbn Abbas rəvayət edir ki, Allahın elçisi ﷺ belə buyurdu: "Kim Allah üçün sevər, Allah üçün nifrət edər, (bir şeyi verdikdə) Allah üçün verər və (qadağan etdikdə) Allah üçün qadağan edərsə imanı tamamlanmış olar." (Əhməd 3/438)

Başqa bir hədisdə İbn Abbas rəvayət edir ki, Rəsulullah ﷺ belə buyurmuşdur: "Allahın dostluğuna yalnız - Allah üçün sevən, Allah üçün nifrət edən, (bir kəslə dostluq edərkən) Allah üçün dost olan və (düşmənçilik edərkən) Allah üçün düşmənçilik edən kəs nail ola bilər. Belə olmadıqca, imanın dadını almış olmaz. İnsanlar arasında qardaşlıq, yalnız dünya malına görə olmuşdur. Bu isə o kəslərə heç bir fayda gətirməz." (Tabərani "Mucəmul-Kəbir" 12/ 417, Albani "Səhih" 1728)

3. Ehtiram, şəfqət və mərhəmət olan məhəbbət.

Bu sevgi, böyüklərə, elm sahiblərinə və digər xeyirli şəxslərə qarşı duyulan bir hisdir. Peyğəmbərimiz ﷺ buyurmuşdur: "Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə mərhəmət etməyən və alimlərimizin haqqına riayət etməyən -  bizdən deyildir".(Əhməd 5/323)

4. Təbii məhəbbət.

Bu, insanın öz təbiətinə və fitrətinə görə, meyl etdiyi şeyləri sevməsidir. Susuz insanın suyu, ac insanın yeməyi sevməsi, habelə insanın öz övladlarını, həyat yoldaşını, ata-anasını sevməsi, dostlarını sevməsi kimi yüzlərlə misal vermək mümkündür. Bu sevgi növü - dinin qadağan etmədiyi, ibadət və qorxu məqsədi ilə deyil, dünyavi istəklərə görə olan sevgidir. Lakin, əgər bu kimi şeylər insanı Allah sevgisindən, zikr etməkdən, bir sözlə Onun yolundan yayındırarsa və qəlbində bu sevgini Allahın sevgisindən yuxarı yerləşdirərsə, təhlükə qapıdadır (!). Uca Allah buyurmuşdur:

"Ey iman edənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır." (Quran, Munafiqun 9).

İbn Məsud demişdur: "Nə vaxt Quranda "Yə Əyyuhəl-Ləzinə" (ey Allaha iman edənlər) xitabı gəldisə, diqqətli ol! Çünki burada, ya səni xeyirə çağıran bir əmr, ya da şərdən çəkindirən qadağa olacaqdır."

Uca Allah buyurmuşdur:

"O, kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz." (Quran, Nur 37)

Bu 4-cü bənddəki sevgi növləri, öz-özlüyündə ibadət sayılmasa da, Allah üçün edildiyi zaman, ibadət sayılacaqdır. Misal üçün bir kəs öz valideynini, təbii istəklə bərabər, Allahın ciddi bir əmrini yerinə gətirmək üçün də sevərsə, ibadət savabı da alacaqdır. Savab qazanmaq necə də asandır, elə deyilmi?


Etiketlər:  Sevginin növləri bilməyən şəxs rahatliqla Allaha şirk qoşa bilərmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ