Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2019 19:25
Bakı. Trend:
Sentyabrın 4-də 32-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə ölkəmiz nazirliyin təşkilatçılığı ilə 36 kv.m. sahədə xüsusi dizaynlı stendlə və 200 adda, 400 nüsxədən çox kitabla təmsil olunur.
Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr" və "Şərq-Qərb" nəşriyyatları və "Azərkitab" kitab ticarəti mərkəzi sərgidə iştirak edir.
Sərgidə 30-dan çox ölkədən 150 və Rusiya Federasiyasından 300-dən çox nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar öz nəşr məhsullarını nümayiş etdirir. Əvvəlki illərlə müqayisədə daha geniş sahədə və xüsusi dizaynda qurulmuş Azərbaycan stendi və burada nümayiş olunan kitablar sərgiyə gələnlərin diqqətini çəkir, ziyarətçilər tərəfindən böyük marağa səbəb olur. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların, təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı mümkün gələcək əməkdaşlıq imkanları müzakirə edilir.
MDB-nin "Kitab sənəti" beynəlxalq müsabiqəsinin qalibləri sərgi çərçivəsində sentyabrın 6-da diplomlarla təltif olunacaqlar.
Sərgi sentyabrın 8-ə kimi davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin