Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın ombudsmanı Laçının kəndində oldu - Bəs Azərbaycanınkı?...

Ermənistanın ombudsmanı Laçının kəndində oldu - Bəs Azərbaycanınkı?...

Tarix: 17 Fevral 2022 16:18

"Düşmən də olsa,  Azərbaycan ombudsmanları erməni həmkarlarından nümunə götürməlidirlər..."
 
"Niyə Azərbaycan hökumət, qeyri-hökumət təşkilatlarının, eləcə də jurnalistlərinin Laçın dəhlizinə səfərləri təşkil edilmir?.."
 
Qəsbkar Ermənistanın xüsusən 44 günlük savaşdakı məğlubiyyətindən sonra fəallığıyla seçilən ombudsmanı Arman Tatoyan  son 3 gün ərzində  qanunsuz olaraq  Azərbaycanın Laçın ərazisindəki sərhədindən keçərək Şərqi Zəngəzur və Qarabağ torpaqlarımızda olub.
 
Sonxeber.net moderator.az-a istinadla xəbər verir ki, bu haqda İrəvan və Xankəndindəki erməni nəşrləri məlumat yayıb.

Bu günlərdə vəzifəsini qadın həmkarına təslim edəcək A.Tatoyan separatçı-terrorçu Qarabağ erməni hərəkatının 34 illiyi ilə bağladığı səfərində  Xankəndində separatçı-terrorçu rejimin qondarma "dövlət" "naziri", "parlament" "sədri"  və "ombudsmanı" ilə fəal görüşlər keçirib. O, "dövlət naziri" Artak Beqlaryan tərəfindən mükafatlandırılıb. 

Ermənistan ombudsmanı  Qarabağdakı "həmkarı" ilə birgə Azərbaycan ordusu ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində, o cümlədən Laçın rayonunun Zabux kəndində, Xocavənd rayonunun Qrımızı Bazar qəsəbəsi və Taqavard kəndlərində olub. Ermənistan hüquq(?) müdafiəçisinin separatçı "həmkarı"yla və rejim rəhbərləri ilə həyasızcasına qaldırdığı əsas məsələ  Azərbaycan hərbi postlarının yaxınlığında yerləşən şəhər, kənd və qəsəbələrdəki ermənilərin yaşam hüquqlarının guya pozulmasıdır. A.Tatoyan belə "fakt"lardan birini  Laçın rayonunun "Aqavno" adlandırdığı Zabux kəndində qanunsuz məskunlaşmış haylarla da bağlı qeyd edib. Guya Azərbaycan hərbçiləri həmin kənddəki məxluqlara içməli su götürməyə imkan vermir...
 
Zəruri şərh: 
 
Buradan Laçın rayonunun bir hissəsinə də nəzarət edən Rusiya "sülhməramlı" kontingentinin Azərbaycanın öz ərazisində ona qarşı ayrı-seçkiliyinə daha  bir fakt ortalığa çıxır. 2020-ci ilin 10 noyabrından bəri Ermənistan, Rusiya, Fransa, İtaliya və s. ölkələrin media mənsubları dəfələrlə "Laçın dəhlizi" deyilən ərazidə olub, Laçın şəhəri, eləcə də Zabux kəndində qanunsuz məskunlaşmış ermənilərlə bağlı sərbəst reportajlar hazırlayıblar. Artıq Ermənistan ombudsmanının da bir neçə dəfə bu Azərbaycan torpaqlarında olduğu bilinir. Ancaq bircə dəfə tanınmış Türkiyə jurnalisti Fulya Öztürkün qısamüddətli səfəri istisna olmaqla heç bir Azərbaycan və Türkiyə media mənsubunun Laçın dəhlizindən sərbəst reportaj hazırlamasına icazə verilməyib...

Yaxşı olar ki, Azərbaycanın müvafiq qurumları özləri bunu tələb edərək Laçın dəhlizinə jurnalistlərimiz, eləcə də müəyyən hökumət və qeyri-hökumət qurumlarının səfərlərini təşkil etsin.  Məsələn, Azərbaycanın ombudsmanı da Ermənistan ombudsmanı ilə bərabər hər iki ölkənin, eləcə də xarici jurnalistlərin müşayiəti ilə bəhs edilən Zabux kəndinə gəlsin və erməni həmkarına göstərsin ki, burada dağıdılmış evlər, tarixi abidə və məzarlar Azərbaycana məxsusdur və 30 ilə yaxındır, Laçın rayonu və Qarabağın digər məntəqələri kimi bu kəndin də yüzlərlə sakini Ermənistan ordusu tərəfindən amansızlıqla öz yurd-yuvalarından didərgin salınaraq elementar yaşam hüquqlarının pozulmasına məruz qalıb. Üstəlik, Zabux kəndində  tarix boyu, o cümlədən sovet dövründə, işğala qədər bir erməni də yaşamayıb. İndi siz hansı haqla burada 30 il ərzində qanunsuz olaraq erməniləri, özü də əsasən Livandan, Suriyadan gətirilmiş erməniləri məskunlaşdıraraq onların  cəmi son 1 il 3 ay ərzində guya "hüquqlarının tapdanmasından danışırsız?..

P.S. Ümumiyyətlə, etiraf etmək lazımdır ki,  bu günədək Azərbaycan ombudsmanları istər daxili(məsələn, Tərtər işgəncələri ilə bağlı), istərsə də xarici, yəni Ermənistanla bağlı məsələlərdə  lazımi fəallıq göstərməyiblər. Və düşmən də olsa, bu mənada Ermənistanın hazırkı ombudsmanı A.Tatoyandan nümunə götürməlidirlər...
 
Zəruri xatırlatma:  

1919-cu ilin yazında xalq qəhrəmanı Sultan bəyin dəstələri  məhz indiki Laçın rayonunun Zabux ərazisində tayqulaq erməni generalı Andranikin qoşununu  darmadağın edib. Sanki buna cavab olaraq  2011-ci ildə buraya qanunsuz olaraq köçürülmüş Livan haylarından ibarət icmaya  Andranik Çavuşyan adlı bir terrorçu "mer" qoyulub.  2014-2016-cı illərdə isə Livan şirkətlərinin dəstəyi ilə buradakı haylar üçün 100-ə yaxın müasir tipli həyət evləri tikilib. O da 2020-ci il noyabrın 10-dan bəri təkidlə kənddən çıxmayacaqlarını, hətta Rusiya hərbçilərinin tələblərinə rəğmən silahlarını da təhvil vermədiklərini söyləyir, Azərbaycan hərbçilərinə qarşı təhdid dili ilə danışır...


Etiketlər:  Ermənistanın ombudsmanı Laçının kəndində oldu Bəs Azərbaycanınkı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ