Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2022 22:34
Qısaca təsvir edim: 1814-cü il dünyasının vəziyyəti elə idi ki, Napoleon "xrom" çəkmələrini divardan asandan sonra dünya dövlətləri, yəni Avropanın başbilənləri yeni dünya düzənini müəyyən etmək üçün Vyanada bir konqresə toplandılar.
Artıq bundan sonra qitədə müharibələr olmayacaq, qarşısı əvvəlcədən alınacaqdı.
"Napoleon üzərində qələbə, Avropa və Rusiyadakı cəmiyyətin bütün strukturlarına nüfuz etməyi bacaran İlluminati ideologiyası üzərində qələbə demək deyildi.
I Aleksandr düşünürdü ki, kim pisliyə icazə verirsə, özü də pisliyi yaradır.
Rus çarı fransızları kilsə əxlaqı ilə - katolik, pravoslav, protestant olmasına baxmayaraq, bu şeylərə görə bağışlayırdı: Moskva və Smolenskin yandırılıb kül edilməsi, talanlar, Kremlin uçurulması və ya rus məhbuslarının edam edilməsi.
Rus çarı müttəfiqlərinə məğlub olan Fransanı parçalamağa icazə vermədi.
Onun müttəfiqləri - Prussiya, Avstriya və İngiltərə rus çarının iradəsinə tabe olmaq məcburiyyətində qaldılar və öz növbələrində təzminatlardan imtina etdilər. Paris nə soyuldu, nə də məhv edildi: Luvr xəzinələri və Paris bütün sarayları ilə yaşamağına davam etdi.
O günlərin tarixçiləri bildirir ki, Napoleon əsgərləri ilə dolu olan Parisdə Aleksandr Pavloviç, cəmi bir köməkçinin müşayiəti ilə şəhəri gəzirdi. Küçədə kralı tanıyan parislilər atını və çəkmələrini öpdülər. Napoleonun veteran qazilərindən heç kimin rus çarına əl qaldırmaq fikri yox idi: hamı onun məğlub Fransanın yeganə müdafiəçisi olduğunu başa düşürdü.
Aleksandr Rusiyaya qarşı vuruşan bütün polyakları və litvalıları əfv etdi. Müqəddəs Filaretinə görə: "O, fransızları mərhəmətlə cəzalandırdı".
Vyanada İmperator xalqların hüquqlarını müəyyən edir: Hər şey Müqəddəs Yazıların hökmlərinə əsaslanmalıdırlar.
Pravoslav çar Vyanadakı bütün Avropa hökmdarlarını və hökumətlərini xarici siyasətdə milli eqoizmdən və makiavellizmdən əl çəkməyə və Müqəddəs İttifaq Xartiyasını (la Sainte-Alliance) imzalamağa dəvət edir. Alman və Fransız dillərində "Müqəddəs Birlik" ifadəsi kimi səsləndiyini qeyd etməklə qalmayıb dini kitabların dili ilə desək "Müqəddəs əhd" bağladılar.
Nəhayət, "Müqəddəs Birliyin" Nizamnaməsi 26 sentyabr 1815-ci ildə qurultay iştirakçıları tərəfindən imzalandı.
Üç slavyan qardaşın bir qələmi
İki dünya müharibəsinin nəticəsində küllərindən doğan Rusiya və ya SSRİ - yaxın və soyuq 1991-ci il dekabrının 8-i axşamına doğru üç slavyan inqilabçının bir qələmi və bir kağızı ilə ortaya qoyduqları Belojevsk sənədi (sənədin əsli itib-müəl.) SSRİ-ni, Qorbaçov isə dövlətin təməllərini dağıdıb, Avropada formalaşmış münasibətlər sistemini məhv etməklə qərb qarşısında göstərdiyi xidmətlərinə görə Nobel sülh mükafatını qazandı.
SSRİ üzərində qalib gələn doktrinanın və komandanın memarı aktyor Reyqan sonralar xidmətlərinə görə ABŞ-da Wolf Tracks-da, Pizza Hutda "artistlik"edən Qorbaçovun bu məharətlərinə görə şok yaşamışdı.
RF-nin ilk rəhbəri, sərxoş və zarafatcıl siması ilə siyasi qalmaqalları əskik olmayan Boris Nikolayeviç qısa zaman sonra, 1991-ci il və 1994-cü illər arasında bağlanan müqavilələrlə NATO ilə "dil" tapmaqla qalmadılar. Hətta Yeltsin sonralar bildirmişdi ki, bir ara masa üzərində Rusiyanın NATO üzvü olması müzakirə edilirmiş.
Amma
"1995-ci ilin əvvəllərində NATO-nun genişlənməsinə qarşı Rusiyada etirazlar get-gedə daha sərt xarakter almağa başladı və SNT proqramı ilə bağlı danışıqların müddəti uzadıldı. 1995-ci ilin fevral ayında Sergey Karaqanovun "Başqa bir məğlubiyyətin qorxusu" başlığı altında nəşr edilən məqaləsində genişlənmə prosesi ilə bağlı narahatlıq aşkar hiss olunurdu. Müəllif həmin məqalədə qeyd edirdi: "NATO-nun genişlənmə planları yeni Yalta danışıqlarına zərurət yaradır, eyni zamanda, Avropanın yenidən bölünməsi riskini gündəmə gətirir. Rusiya ona təklif olunan şərtləri qəbul etdiyi təqdirdə məğlub olacaq. Lakin bu mübarizədən Avropa da qalib çıxmayacaq. Ona görə də biz əlimizdən gələni etməliyik ki, bu proses dayandırılsın və ya ən azından təxirə salınsın. Bunların heç biri mümkün olmadıqda isə biz öz blokumuzu yaratmalıyıq".
"1995-ci ildə NATO üzü şərqə genişlənmək imkanlarını götür-qoy edirdi. Alyans keçmiş Sovet blokundan bir neçə ölkəni üzvlüyə qəbul etmək niyyətində idi. Sovet İttifaqı çökəndən sonra hərbi baxımdan çox zəifləmiş Rusiya NATO-nun əsl niyyətlərindən narahat olmuşdu.
Bir çox Rusiya rəsmiləri NATO-nun şərqə doğru genişlənməyəcəyi barədə Mixail Qorbaçova verilmiş qeyri-rəsmi vədləri yada salırdılar. Yeltsin bu narahatlığı 1995-ci ilin mayında, Kremldəki görüş zamanı qaldırmışdı:
"Mən sizin NATO-nun genişlənməsi haqqında aydın niyyətinizi başa düşmək istəyirəm. Çünki görürəm ki, bu, Rusiyanın alçaldılmasından başqa bir şey deyil. Özünüz necə fikriləşirsiniz? Varşava bloku ləğv olunub, o biri bloksa varlığına davam edir. Bu, blokadaya almağın yeni formasıdır..."
Klinton bunun mənasını müxtəlif şəkillərdə Yeltsinə izah etməyə çalışır, Rusiyanın tarixini tərifləyir, amma Yeltsini heç cür inandıra bilmirdi. Klinton deyirdi:
"Mən aydın şəkildə bildirdim ki, NATO-nu gücləndirmək üçün heç nə etməyəcəyəm. Mən indi bu söhbət zamanı sizə istədiyiniz zəmanəti verirəm. Amma biz ikimiz də başa düşməliyik ki, bu heç birimizin təslim olması deyildir".
Lakin bu söhbətdən iki il sonra, 1997-ci ildə NATO Macarıstanı, Polşa və Çexiyanı üzvlüyə dəvət etmişdi[1]".
Putin Qərbi yaxşı tanıyır
Azadlıq Radiosunun müxbiri Mike Eckel yazır ki, 1999-cu ilin 8 sentyabrında, ölkənin kəşfiyyat başçısını baş nazir təyin edəndən bir neçə həftə sonra ovaxtkı prezident Boris Yeltsinə qeyri-adi şəkildə dostlaşdığı ABŞ prezidenti Bill Klintondan zəng gəlmiş və Bill vurğulamışdı ki, yeni baş naziri çox az adam tanıyır və o, Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də cəmi bir il əvvəl gətirilib. Boris Nikolayeviç isə öz növbəsində Klintonu əmin etmişdi ki, Putin etibarlı adamdır, "işgüzar, sözübütöv və partnyorları ilə tez dil tapa bilən birisi"dir. Boris Yeltsin özü haqqında üçüncü şəxsdə danışırdı:
"Əlbəttə Putin. O Boris Yeltsinin xələfi olacaq. O demokratdır. Qərbi yaxşı tanıyır".
Bu söhbətdən bir ay sonra, Yeni il axşamı Yeltsin istefasını elan etmişdi... Və onun dediyi kimi, martda keçirilən prezident seçkisində Putin qalib gəlmişdi. O Stalindən sonra ölkəyə ən uzun müddətdə rəhbərlik edən şəxs olacaqdı.
P.V.V hakimiyyətə gələndən dərhal sonra təsdiq etdiyi "2000-ci ilin Rusiya Xarici Siyasəti Konsepsiyası"nda Rusiyanın birqütblü dünyaya qarşı mövqe tutacağı açıq-aydın göstərilir və bu sənəddə bildirilirdi ki, çoxqütblü dünya nizamının institusionallaşdırılması üçün səylər göstəriləcəkdir. NATO ilə münasibətlərində Rusiyanın "konstruktiv qarşılıqlı fəaliyyətə" açıq olduğu vurğulanırdı.
Bununla belə, orda yazılırdı ki, NATO-nun xüsusilə Şərqi Avropaya doğru genişlənməsi və yeni üzvlərin torpaqlarında silahların quraşdırılmasından narahatdır.
Bildirilirdi ki, müttəfiq ölkələrdə qadağan edilmiş silahların, nüvə daşıyıcılarının yerləşdirilməsi qadağandır və bu barədə yaranan hərbi məsuliyyəti NATO daşıyır.
Dövri müqayisə ilə desək, görə bilərik ki, ilk dəfə məhz 2000-ci illərin əvvəllərindən Atlantizm ilə Avrasiyaçılıq arasında qalan Avropa Mərkəzçilik böhrana və Polşanın tarixi aqibətini yaşamağa məhkum edilmişdir.
90-ların epizodik xarakterli çeçen savaşı, Kosova böhranını çıxmaqla, millenniumun daha iri toqquşmalara hamilə olduğunu görə bilərik.
2001-ci ilin 11 sentyabr olayları bir növ təməllərini yenicə atmağa çalışan hazırkı Rusiya siyasətinə preventiv cavab sayılsa da, sonrakı gedişat Yaxın Şərqdə Suriya, Balkanlarda - Serbiya, Amerikada - Kuba, Venesuela, Şərqi Asiyada - Çin, Şimali Koreya və öz sərhədləri xaricində qədəmlənmiş nüfuz bölgələri sonrakı qlobal toqquşmalar üçün qarşıdurma meydanı formalaşdıracaqdı.
Ukrayna - Gürcüstan: narıncı rənglərin 50 qara çaları
Fransız filosof Lafayetin belə bir ideyası var: inqilablar dağıdıcı təbiətə malikdir. Şübhəsiz ki, radikal "qırmızılara", hələ qəbrə qoyulmamış SSRİ vətəndaşlarına narıncı köynək geydirib üz-üzə qoymaq cəhdi bölgənin yüzillik siyasi və tarixi çarxlarının, minillik etnik və mədəni, dini çarxlarının dişlərini tökmədən baş verə bilməzdi.
Robinson "Millətlər necə tənəzzül edir" kitabının bir yerində belə qeyd edir:
Hətta bugünün məyus iqtisadi mühitində belə sıravi amerikalı sıravi meksikalıdan 7 dəfə, sıravi peruludan 10 dəfə, Saxaraaltı Afrikanın sıravi sakinindən 20 dəfə və Afrikanın xüsusilə Mali, Efiyopiya və Sierra Leone kimi ümidsiz ölkələrinin sıravi vətəndaşlarından 40 dəfə zəngindir. Bəs bu cür dodaquçuqladan bərabərsizliyi nə ilə izah etmək olar?
Yaxud da Ekstraktiv təsisatların nəyə bənzədiyini başa düşməkdən ötrü konqoluların Mobutu Sese Sekonun (indi Demokratik Konqo Respublikası kimi tanınan Konqo ölkəsini 1965-ci ildən 1977-ci ilədək idarə etmiş diktator) ətrafında nalayiqcə harınlaşan bir qrup adam üçün qoşduqları taxma ad "Yekə Tərəvəzlər" (les Grosses Legumes) barədə düşünə bilərsiniz. Mobutu doğulduğu yerdə özü üçün saray tikilməsi barədə sərəncam verəndə, - müəlliflər qeyd edirlər: gördü ki, onun Fransa hava yollarından icarəyə götürməyi sevdiyi "Konkordlar"ın yerləşdiyi aeroportun yetərincə geniş eniş zolağı var. Mobutu və Yekə Tərəvəzlər Konqonun inkişafında maraqlı deyildilər. Onları daha çox mədənlər maraqlandırırdı, daha doğrusu mədənlərin nəhəng mineral zənginliyini sömürmək. Onlar ən yaxşı halda vampir kapitalistlər idilər.
Lakin Konqonun qorxunc səfaləti əsrlər əvvələ gedib çıxır. Avropalı imperialistlər gəlməzdən əvvəl Konqo Krallığı kimi tanınan ölkə Yekə Tərəvəzlərin oliqarx sələfləri (intensiv qul ticarətindən və sərbəst vergilərdən böyük qazanc əldə edirdilər) tərəfindən idarə edilirdi. Avropalı müstəmləkəçilər isə ölkədə peyda olmaqla onsuz da pis olan vəziyyəti daha da pisləşdirdilər - xüsusilə Belçika kralı II Leopoldun zorakı idarəçiliyi.
Konqo nəhayət, 1960-cı ildə müstəqillik əldə edəndə, yırtıcı siyasi siniflərin və istismarçı iqtisadi təsisatların altında əzilən dağınıq bir dövlət idi - institutlar zirvədəki Mobutu və ətrafındakıların təməl xidmətləri ötürməsi üçün hədsiz zəif, vətəndaşları təmin etməkdən ötrü hədsiz yoxsul, amma elitaların uğrunda savaşması üçün müəyyən şeylər verəcək qədər zəngin idi.
Oxşar örnəklər çoxdur: dövlətləri inqilablar və demokratiya tezisləri, əfsanələri üzərindən idarə etmək, bir qrup qlobal elitaya məxsus olan maliyyə korporasiyaları və kredit fondları, təşkilatları ilə yükləmək metodu haqda yaxın onilliklərdə Con Perkinsin "Bir iqtisadi tətikçinin etirafları" adlı kitabında amerikasayağı kölələşdirmənin mexanizmi açıqlanır.
Rusiya ilə Qərb arasında enerji sıxılmasından partlama yaşayan dövlətlər də eyni taleyi bölüşməkdədirlər.
Savaşa səbəb lazımdır. Rusiyanın müharibə etməməsi üçün səbəblər daha çoxdur
2008-ci ilin keçmiş "dünyadan" miras qalan Osetiya və Abxaziya üzərində başlayan müharibə Rusiya iqtisadiyyatının (hansı ki, yüksəlirdi) bel sütununu sındırmaqla qalmadı, onu Gürcüstana qarşı müharibəyə başlamağa məcbur etdi.
Çünki Rusiya üçün qərb layihəsi olan Saakaşvilinin şahmat gedişləri qorxunc nəticələr doğurmaqla sonrakı periodda onu Krımda, Donbasda tələyə salmaqla nəticələndi.
(Rusiya milyardlarla dollar itirdi, Rusiya iqtisadiyyatı ciddi şəkildə tormozlanır və Qərb kapitalı, avadanlığı və texnologiyasından çox asılıdır. Amma heç də itirən təkcə Rusiya olmur axı, ölkə ilə çox geniş əlaqələr qurmuş qərb şirkətlərinin yüz milyardlarla dollar zərərini kim qarşılayacaq?)
İndi Rusiyada vəziyyət necədir?
İndi isə Rusiyada vəziyyət daha da gərgin olacaq və ya daxili təsir kartları işə düşəcək, Demoqrafik, iqtisadi, və sair çətinliklər siyasi böhran yaşamaqdadır. Rusiya Ukraynada, görünən odur ki, yalnız bir istəyə görə müharibəyə davam edir: hansısa təzyiqlə Ukraynanın NATO-ya qoşulmasını önləsin.
Əslində daxili problemli Ukraynanı NATO-ya qəbul edən də yox idi, amma ABŞ və Britaniya Rusiyanı yeni oyuna qatmaqla iqtisadi gücünü birdəfəlik qırmaq istəyir. Bunu anlamaq üçün baxaq məşhur "masa diplomatiyası"nda Kremlin qapılarından danlanan uşaq kimi daxil olan Makronla Putinin görüşünün əsas mesajlarına:
Putin:
* NATO-nun fəaliyyət planında Rusiya düşmən sayılır.
* NATO Rusiyaya dərs verməyə çalışır.
* NATO üzvləri Ukraynaya silah göndərməyə davam edir, bu məsələ Makronla müzakirə edilib.
* İstəsəniz də, istəməsəniz də Minsk razılaşmalarına əməl etməlisiniz.
* Kiyev Minsk razılaşmalarını ləğv etməyi hədəfləyir.
* Birləşmiş Ştatlar və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı əsas narahatlıqlarına məhəl qoymadı.
* 30 ildir ki, Rusiya NATO-nu Moskvanın narahatlığına məhəl qoymayan addımlar atmamağa razı salmağa çalışır.
* Əgər təhlükəsizlik hər kəsin arzuladığı bir şeydirsə, niyə Rusiya sərhədlərində silah yerləşdirmək fikrindən əl çəkmirlər?
* Təhlükəsizlik zəmanətlərində Rusiyanın yerinə yetirməyəcəyi bir müddəa yoxdur.
90-ların qlobal siyasi mühitində kapitansız gəmi kimi Azərbaycanın lövbərini qırıb, okeanda batmağa ürcah edənlərin amansız addımları və xəyanətləri nəticəsində dövlət, dövlətçilik və millət olaraq tarix səhnəsinin küncündən çıxmaq aqibəti ilə üzbəüz qaldıq.
Qarabağın işğalı, qonşu dövlətlərlə mübahisəli münasibətlər, 1994-cü ilin 20 sentyabr gününə - müasir ölkənin təməllərini atan əsrin müqaviləsinin imzalandığı günə qədər - ölkə iki cinahdan qurtuluş və tərəddüd içərisində gözləməkdə idi. Hava limanı investisiya - müqavilə, maliyyə vəd edir, dəniz isə yeraltı qızılı ilə birlikdə təhlükələri, təhdidləri ilə, "Mazandaran" küləyi və "Volqa" markalı qonaqların qorxunc fikirləri ilə hibrid təşkil edirdi.
Sözügedən müqavilə az qala ilkin dövrdə (1991-92) ölkənin müstəqilliyinə baha başa gələcəkdi ki, mərhum prezident Heydər Əliyevin şəxsi iradəsi hesabına bütün toqquşan güclər əməkdaşlıq koridoruna və borusuna qoşularaq, Qafqazda müharibəni dostluğa çevirməyə nail olmuşdular.
İndiki əməkdaşlıq və invesitisyaya dair "qazan - qazan" siyasətin rişələri həmin dövrdən müəyyən edilsə də, qonşu ölkələrdə baş verən siyasi təbəddülatlar və bir qrup terrorçunun rəhbərlik etdiyi Ermənistanın radikal, yovuşmaz mövqeyi "Qafqaz evi"nin damını qoymağa imkan vermədi.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunmaqla hərbi bloklara qoşulmamaq barədə öhdəlik daşıdı və məhz bu yolla həm üç tərəfi düşmənlə əhatələnmiş İran, həm də bütün dünya gücləri ilə düşmən olan Rusiya ilə hərbi-silahlı müstəvidə toqquşmamaq, onlara qarşı savaşda yer almamaqla Vətən müharibəsindəki qələbənin memarı kimi Prezident Əliyevin qalibiyyət abidəsini ucaltmağa möhtəşəm imkanlar qazanmış oldu.
27 senytabar və ya 10 noyabr - iki tarix özündə rəqəmlərin dilindəki dəmir yumruqları və qalib ədasını, təşəxüssünü, siyasi kartada isə konkret diqtə siyasətini zəruri edir.
Prezident yerli mediaya müsahibə verir:
Sual: Hazırda dünyada beynəlxalq hüququn ciddi böhranı yaşanır. Hüquq amili geri çəkilir, güc amili önə çıxır. Bunu bir çox siyasi araşdırmaçılar deyir. Daha dərinə gedib deyənlər var ki, yeni dünya düzəni formalaşır, dünyanı yenidən nüfuz dairələrinə bölmək istəyirlər və yaxud da bölmək fikrindədirlər. Yeni Yalta deyənlər də var. Sizin baş verən bu proseslərə münasibətiniz necədir? Bu proseslər Azərbaycan qarşısında hansı yeni çağırışlar yaradır?
Cavab: Bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq.
Ölkələrin coğrafi sərhəddi olmur, təhlükəsizlik sərhəddi olur
Nəticə əvəzi:
Dünya yeni bir düzənə hamilədir: Çin Şərqi Asiyada, Rusiya Avropada, ABŞ bütün dünyada, hər bir ölkə öz qapalı darisindəki təhlükəsizlik sərhədləri ilə tamamlanır, ümumi mənada bu, qlobal arxitektura adlanır. Uğursuz nobelçi Obama və real "artist" Trampın nahamar hakimiyyət dönəmləri ilə ABŞ-ın siyasi arxitektura konsepsiyaları darmadağın oldu, müttəfiqlər (*ABŞ, Almaniya kimi) mərkəzdən qaçır, ordusu uğursuzluqla üzləşir və bölgələri tərk edir (Əfqanıstan, İraq, Suriya), özünün isə başı Çinlə meqabəlaya girir. Bu gün Avropa dinamometrin şkalası kimi hərəkətdə tərəddüd edir, sanki hər kəs serb millətçisi Qavrilo Prinsipi gözləyir ki, çıxıb "Frans Ferdinand"ı öldürsün və hər kəs onu gözləyən taleyə qovuşsun. Şərqi Avropanın taleyi məlumdur. Qərbdən gələn yalançı bəyanatlar, sözdə verilən silahlar, Rusiyaya qarşı edilən hədələr kağız üzərində qaldı, V.V.P. hamısının gözü qarşısında separatçı qurumların müstəqilliyin tanıdı. Lakin kimsə aldanmasın, bu, başlanğıc idi, artıq Avropaya seçim imkanı veriləcək: Rusiya xeyli sayda peyk dövlətlər quracaq, NATO tormozları ilə Avropanın bağrında dəlik açacaq. I Aleksandrın Kremli bəzəyən heykəlcikləri apar-topar saraya yollanan, saatlarla kandarında gözləyən ikiüzlü Avropa əyanları ilə dalğa keçəcək.
Azərbaycan hələ 10 noyabr gecəsi və 15 iyun günü Şuşa bəyannaməsinə imza atdığı gün taleyini öz əli ilə müəyyən etmiş oldu. Bu addım içərisində Türkiyə ilə etnik bağ, İslam dünyası ilə ümmət üzərindən münasibət, Rusiya ilə isə ikitərəfli, bərabər hüquqlara və münasibətlərə əsaslanan əlaqələr, Aİ ilə iqtisadi tərəfdaşlıq, Avropanın enerji təhlükəsizliyində iştirak, Vətən müharibəsinin nəticələrinə əsasən, Zəngəzur dəhlizi, Şimal - Cənub dəhlizi, Bir kəmər-bir yol layihəsində ev sahibi olmağın avantajını və çörəyini dadmaqdadır.
Geniş mənada:
"Azərbaycan keçən il Türkiyə ilə geniş tərkibli bir bəyannamə imzalayıb.
- Cəmi bir neçə gün əvvəl Ukrayna ilə tərəfdaşlıq bəyannamələri imzalandı.
- Bu yaxınlarda İranla da münasibətlər nizama salındı.
- Azərbaycan Avropa İttifaqı ilə də iqtisadi-siyasi sazişlər imzaladı. Qaz nəqli məsələsində razılaşmalar imzalanıb və Avropadan ayrılacaq 2 milyard vəsait də öz yerində.
Cəmi iki gün ərzində Avropa İttifaqı, Britaniya və NATO rəhbərləri ilə Prezidentimiz arasında danışıqlar baş tutdu.
Bu gün isə Rusiya və Azərbaycan arasında bəyannamə imzalanır:
Azərbaycan rəhbəri Qarabağ savaşının qalibi kimi masaya əyləşir, Rusiya ilə bərabər hüquqlara əsaslanan ikitərəfli müqavilələr imzalayır.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: "Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?"
Yaxud da Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb, Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir.
Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir;
Ən əsası Əliyev Qərbi yaxşı tanıdığı qədər də beynəlxalq hüququ da yaxşı bilir, o cümlədən dövlətlərin ərazi bütövlüyünün pozulmaz olduğu barədə BMT prinsipini 30 il torpaqları işğal altında qalan dövlətin rəhbəri kimi lap yaxşı bilir.
O baxımdan da, Azərbaycan bölgədə və dünyada sülhün, əməkdaşlığın, ticarətin qurulmasından və təsis edilməsindən yanadır.
Bu ilklər isə heç bir zaman dəyişməyəcək.
P.S.
Xəritədə dırnaq ucu qədər görünməyən Araik Arutunyuan "fenomeni" isə əlavə avantajlar və koridorlar üçün inanılmaz "qambit"dir.
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri