Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 11:12
Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadənin müsahibəsi
- Kardiffdə Uels yığmasına 1:2 hesabı ilə uduzduğumuz AVRO-2020-nin seçmə oyununda əsas millidə debüt etdiniz. İlk matçınızı necə qiymətləndirirsiniz? Bu gün meydanda ən yaxşılardan biriydiniz...
- Debütümü normal qiymətləndirirəm. Təkcə mən yox, bütün komanda yaxşı çıxış etdi. Görünür, hamımız yaxşı oynadığımız üçün mənim də çıxışım nəzərə çarpıb. Təəssüf ki, məğlub olduq. Daha yaxşı çıxış edə bilərdik.
- Uels kimi komandaya qarşı oynadınız. Qarşınızda Qaret Beyl kimi futbolçu olduğu üçün həyəcanlanmırdınız ki?
- Bütün səmimiyyətimlə deyirəm, Azərbaycan çempionatında daha çox həyəcanlı olurdum, nəinki bu gün. Heç bir həyəcan yox idi.
- İtiriləsi bir şey olmadığı üçün həyəcan yox idi?
- Xeyr. Meydana çıxdım, atmosferi gördüm və bundan çox zövq aldım. Oyunun bitməsini istəmirdim. Səhərə kimi davam etsə, oynayardım.
- İki qəribə qolla uduzduq. Bu gün bəxtimizin də gətirmədiyini deyə bilərik?
- Əlbəttə, buraxdığımız qollarda bəxtsizlik görünür. Rəqibin çox sayda qol şansı olmadı. İki kuryoz qolla uduzduq. Rəqibi analiz edərkən "ikinci mərtəbədə" yaxşı oynayan futbolçularına baxmışdıq. Buna uyğun bir şeylər etməyə çalışdıq.
- Bir ara karyeranı Şotlandiyanın "Reyncers" və "Seltik" komandalarında davam etdirmək variantının olduğu barədə xəbərlər çıxmışdı, amma sonra təsdiqini tapmadı. Bu oyunun özünüzü britaniyalılara göstərmək üçün yaxşı şans olduğunu düşünmürsünüz ki?
- Əlbəttə, niyə də olmasın?! Hədəfim daha böyük klublara getmək, Avropada oynamaqdır. Ancaq bir matç heç nə demək deyil. Bu, davamlı olmalıdır ki, nəticə də gəlsin.
- Beyl qələbə qolunu vursa da, meydanda elə də çox diqqət çəkmirdi. Baş məşqçi onu tutmaqla bağlı konkret tapşırıq vermişdi?
- Baş məşqçi deməsə belə, hamımız Beyli tanıyırıq. Top onda olanda nələr edə biləcəyini az-çox bilirik və daha diqqətli oluruq. Rəqibin iki daha təhlükəli oyunçusu vardı. Biri Beyl idi, digəri Daniel Ceyms. Maksimum diqqətli olmağa çalışırdıq.
- Final fitindən sonra oyunçularımız forma dəyişmək üçün Beylə və rəqibin digər futbolçularına yaxınlaşırdılar. Siz kiminlə mübadilə etdiniz?
- Məndə forma dəyişmək söhbəti yoxdur.
- Sentyabrın 9-da Xorvatiya yığması ilə Bakıdakı oyunda da start heyətində yer alacağınızı düşünürsünüz?
- Bu, baş məşqçinin qərarıdır. Hansı taktikanı seçəcəyindən asılıdır, bir söz deyə bilmərəm. Müsbət nəticə qazanmağa çalışacağıq (Report).