Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 19:24
Rusiya ilə Ukrayna arasında müharibənin 13-cü günüdür. Hər iki tərəfdən itki xəbərləri artdığı vaxtda Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyi kimi irəliləyə bilmədiyi bildirilir. Ekspertlərin fikrincə, Putin istədiyini əldə etməsə, Qroznıda olduğu kimi Ukraynanı intensiv şəkildə bombalamaq əmri verəcək.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Moskva əməliyyatın davam etdiriləcəyini israr edir, amma Ukraynanın ciddi müqaviməti ilə qarşılaşdıqdan sonra rus qoşunlarının maddi-texniki problemləri və aşağı əhval-ruhiyyə ilə mübarizə apardığı barədə çoxlu məlumatlar var.
"Sky News"-a açıqlama verən London Kral Kollecinin münaqişələr və təhlükəsizlik üzrə eksperti Kris Tak deyib:
"Bəllidir ki, bu, onların gözlədikləri müharibə deyil. Pis gedirlər, bu çox sürətli və qətiyyətli əməliyyat olmalı idi".
Ekspert müharibə planının Putinin istədiyi kimi getmədiyini bildirib.
"New York Post"-un əməkdaşı Harri Kazianis isə Rusiya liderinin son dövrlərin ən böyük səhvini etdiyini düşünür. Kazianis Moskvanın Ukrayna şəhərlərini daha güclü şəkildə bombalayacağını iddia edib.
"Putin rus xalqına müharibədə nəyinsə əldə olunduğunu göstərməlidir. Sizcə, televiziya və sosial şəbəkələrdəki görüntülər qorxuludurmu? Siz hələ heç nə görməmisiniz. Putin bunu bir neçə dəfə edib. 1999-2000-ci illərdə Qroznını xəritədən sildi və minlərlə insanı öldürdü", - ekspert vurğulayıb.
Rusiyanın hücumundan sonra Ukraynanı tərk etmək istəyən bir çox müharibə qurbanı Polşa və Rumıniyaya keçməyə davam edir.
BMT Ukraynadan qonşu ölkələrə keçənlərin sayının 2 milyona çatdığını açıqlayıb.