Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün Milli peşəkar teatrımızın 149 yaşı tamam olur

Bu gün Milli peşəkar teatrımızın 149 yaşı tamam olur

Tarix: 11 Mart 2022 12:45

Bu gün Milli peşəkar teatrımızın 149 yaşı tamam olur. Xalq oyunlarının
meydan tamaşalarının tarixi kökləri qədimdir. Təsadüfi deyil ki, elə ilk peşəkar
teatrımızın da özülündə yer tutan "Sərgüzəşti -Vəziri xan Lənkəran" komediyası
meydan - məzhəkə oyun üslubunda qurulmuşdu.

149 ildir Azərbaycanda teatr adlı cazibədar bir sənət tamaşaçılarının yoluna
işıq salır. Ayrı-ayrı bölgələrdə, müxtəlif janrlar üzrə ixtisaslaşmış sənət ocaqları
fəaliyyət göstərir.

Sumqayıt Dövlət Dram teatrı da elə milli teatr bayramı ərəfəsində 1968-ci
ildə yaranıb. Bu gün teatr həm milli teatr bayramını, həm də özünün ad gününü
qeyd edir. Və bu ikiqat bayram Sumqayıt Teatrında maraqlı bir formada qeyd
olundu. Öncə dəvət olunmuş şəhər ictimaiyyəti, ziyalılar, qonaqlar teatrın baş
rejissoru, xalq artisti Firudin Məhərrəmovun quruluşunda Mirzə Fətəli
Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli Şah "komediyasına baxdılar.
Qeyd edək ki, əsərin səhnə həlli, uğurlu eksperiment diqqət çəkdi. Tamaşada
Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, İlham Səfərli, Vəfa Qurbanova, Yeganə Məmmədvəliyeva, Məryəm Hûseynli, Ceyhun Məhərrəmov, Habil Xanlarov və Etibar Əmirov rol alır.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov qonaqları salamladı, teatr sənətinin mədəni-ictimai, sosial həyatda tutduğu önəmli yeri diqqətə çatdırdı.

Diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə, şəhər rəhbərliyinə, habelə şəhərin müvafiq qurumlarına minnətdarlıq bildirdi.

Direktor bildirdi ki, bu il teatrın bayramına Sumqayıt şəhər Gənclər və idman idarəsi də kreativ layihə ilə qoşulub. Təşkilat bir qrup yaradıcı gənci mükafatlandıracaqdır.

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov Sumqayıt teatrının
keçdiyi şərəfli yolu xatırlatdı və qeyd etdi ki, bu sənət ocağı hər zaman yaradıcılıq konsepsiyası, üslub zənginliyi və repertuar siyasəti ilə seçilib.
Sumqayıt Gənclər və idman idarəsinin rəisi Elgün Hümbətov dövlətimizin
gənclər siyasətindən danışdı, bütün sferalarda, o cümlədən mədəniyyət sektorunda da gənclərin özlərini təsdiqi üçün gərəkən şəraitin və qayğının yaradıldığını dedi.

Digər çıxış edənlər ümummilli Lider Heydər Əliyevin teatra doğma
münasibətini xatırladılar. Prezodent İlham Əliyevin və 1-ci Vitse- prezident
Mehriban Əliyevanın mədəniyyət sahəsinə əlahiddə qayğısından söz açdılar.
Vurğulandı ki, bu gün Sumqayıt Dövlət Dram Teatrı peşəkar heyəti ilə şəhər
ictimaiyyətinin rəğbətini qazanıb. Kollektivdə istedadlı gənclər çalışırlar.
Sonda Sumqayıt Dövlət Dram Teatrının rejissoru Fuad Kazımov, aktyorlar
İlqar İbrahimov və Etibar Əmirov Milli Teatr günü münasibətilə Azərbaycan
Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimovun imzaladığı Fəxri Fərmana layiq görüldülər. Habelə Sumqayıt Gənclər və idman idarəsinin rəhbərliyi tərəfindən aktyor oyununda məharət göstərmiş bir qrup truppa üzvü- Əməkdar artistlər Fəranə Musayeva, İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Vəfa Qurbanova, Yeganə Məmmədvəloyeva, Məryəm Hüseynli, Aynur Hümmətova, Oktay Mehdiyev, İlham Səfərli, Akif Mirzəyev, Habil Xanlarov, Ceyhun Məhərrəmov, Ümid Abbaszadə, Elmir Mehtiyev, Şəmistan Süleymanlı, Kamran Muradlı və Etibar Əmirov fəxri fərmanla təltif olundu.


Etiketlər:  gün Milli peşəkar teatrımızın yaşı tamam olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ