Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 16:20
Sonxeber.net xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli moderator.az-ın suallarını cavablandırıb.
- Nüşabə xanım, sənətçilərin bir çoxunda ruh düşkünlüyü var. Sizdə vəziyyət necədir?
- Bəli, düz deyirsiniz, ruh düşkünlüyü hamıda var. Ümumiyyətlə bu ruh düşkünlüyü əvvəl pandemiya ilə, daha sonra isə müharibəmizlə başladı. Müharibələr, dünyada baş verən hadisələr imkan vermir ki, ürəyimiz açılsın. Sadəcə olaraq işimizdir deyə, deyib-gülməyə məcburuq, amma ürəkdən gülmürük, içdən gəlmir.
- Bəs özünüzü yaranmış vəziyyətdən necə çıxarırsınız?
- Hamı necə, biz də elə. Dünya bir-birinə dəyib. Hələ xəbərlərdə deyirlər ki, 3-cü dünya müharibəsi də başlayacaq. Nə edək, adam qorxur! İşə gedib-işdən gəlirəm. Toy mənim üçün işdir də.
- Nüşabə xanım, siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz. Tələbələrinizdən razısınız?
- Mən artıq 12-ci ildir Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulam, baş müəlliməm. Əlbəttə tələbələrimdən razıyam. Çox istedadlı, savadlı tələbələrimiz var. Onlar müsabiqə və tədbirlərdə iştirak edirlər. Bizim "Estrada" kafedramızda sayılıb-seçilən pedaqoqlar çalışır. Onlara dəstək də oluram, efirlərə çıxarıram. Uzun müddətdir özüm də efirlərə çıxmıram deyə, onlar da görünmür.
- Sizi bu sənətdə narahat edən nədir?
- Məni bu sənətdə və həyatda narahat edən təhsilsizlikdir. Təhsilə diqqət, keyfiyyət və nəzarət olmalıdır. İstər bağçalarda, istər orta, istərsə də ali məktəblərdə.
- Sizcə 3 badam, 1 qoz mahnıların ömrünə az qalıb?
- Xeyr, bu cür mahnılar hər zaman olub və olacaq da. İnsanlar müxtəlif mahnıları dinləyirlər. Zövqü uşaqlıq yaşlarından formalaşdırmaq lazımdır. Heç kəsə diktə etmək olmaz ki, filan mahnıya qulaq as. Təbii ki, təhsilli insanların zövqləri də başqa olur.
- Sizi qalmaqala salmaq çətindir yoxsa asan?
- Mən qalmaqalları heç sevmirəm və heç vaxt da qatılmıram. Ünvanıma kimsə nəsə desə də cavab vermirəm. Bunun üçün telefon var, lazım olsa zəng edib məsələni telefonla həll edərəm.
- Tez evlənənlə, tez yuxudan duran qalib gələr deyirlər. Bəs daha kimlər həyatda qalib sayılır?
- İradəli, mübariz və riski sevən insanlar həyatda hər zaman qalibdir.
- Nüşabə xanım, sizin dövrün bəzi sənətçiləri var ki, onlar bu gün diqqətdən kənarda qalıblar. Sizcə günah onların özlərindədir?
- Bu bir az çətin sualdır. Çünki hər kəsin öz qisməti, taleyi var. Bəzilərinin şəxsi həyatında problemlər yaranır, bəzilərini həvəsdən salırlar, ürəklərini qırırlar, bəzilərinin isə sağlamlıqlarında problem yaranır. Bunun günahı tamaşaçılarda deyil, müğənninin problemlərində, şəraitindədir. Tamaşaçı həmişə sevdiyi müğənnini gözləyir.
- Nüşabə xanım, iki ayın içində həm ananızı, həm də bacınızı itirdiniz. Onların itkisini sizə kim unutdurur?
- Bəli, iki ayın içində anamla bacımı itirdim. İtkini heç vaxt unutmaq olmur. Sadəcə zaman keçdikcə Allahın yazısı ilə razılaşırsan. Heç kəs yazını poza bilməz.
- Yuxunuza gəlirlər?
- Xeyr, çox az-az yuxuma gəlirlər. Yuxu da heç yadımda qalmır.
- Nüşabə xanım, həmin illərdə sənətinizə fasilə vermişdiniz?
- Bəli, universitetdə dərslərimə gedirdim, amma efirlərə, toylara getmirdim. 2 il efirlərdən uzaqlaşdım. Həyatdan küsməmişdim, amma mənəvi olaraq ruhdan düşmüşdüm, əsəb sistemim pozulmuşdu. Bu mənim səhhətimə pis təsir etdi. Yavaş-yavaş toparlanmağa çalışdım, həyatdır, Allahın məsləhətidir. Nə etmək olar?! Hamı bu dünyada gəldi-gedərdi. İtkilərə baxmayaraq hər kəs öz işini yenidən bərpa edir, həyata davam edir.