Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki Sergeyin Qarabağ özbaşınalığı: sülhməramlıların “ömrü” azalır2

İki Sergeyin Qarabağ özbaşınalığı: sülhməramlıların “ömrü” azalır2

Tarix: 27 Mart 2022 19:33

Rusiya Müdafiə Nazirliyinin ardınca, Xarici İşlər Nazirliyi də sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində baş verənlərlə bağlı bəyanat yaydı və həmişə olduğu kimi, yenə üçtərəfli razılaşmaların, beynəlxalq hüququn və Rusiya ilə Azərbaycan arasında 22 fevralda imzalanmış müttəfiqlik bəyannaməsinin əksinə mövqe sərgilədi.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-in absurd iddialarına lazımi və tutarlı cavab verdi. Gözləmək olardı ki, Rusiya XİN Müdafiə Nazirliyinə verilən cavabdan nəticə çıxaracaq, ya ümumiyyətlə, susacaq, ya da eyni motivli iddialardan çıxış etməyəcək. Hərçənd, Lavrovun idarəsi öz ampulasında qalmaqda davam edir və belə demək mümkünsə, ayrı bir qurum olaraq ermənilərə yarınmaq növbəsini təxirə salmaq istəmir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Rusiya XİN-in bəyanatında deyilir ki, onlar "Dağlıq Qarabağda gərginliyin artmasından hədsiz narahatlıq keçirir", "Rusiya sülhməramlı kontingentinin hərbi məsuliyyət zonasında olan faktlar, atəşkəs rejiminin pozulmaları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 (10) noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına ziddir". Əlavə olaraq, "tərəfləri təmkinli olmağa, üçtərəfli razılamalara qeyd-şərtsiz əməl etməyə çağırır".

Lavrovun idarəsi demək istəyir ki, "bizim Şoyqunun idarəsindən nəyimiz əskikdir" və əlbirliyi ilə Rusiya-Azərbaycan münasibətlərini "baltalamaq" yarışına start veriblər.

Birincisi, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati ərazi yoxdur, hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər də Qarabağ iqtisadi rayonuna daxildir;

İkincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edir;

Üçüncüsü, 10 noyabr üçtərəfli razılaşmanı pozan Azərbaycan yox Ermənistandır və görünən budur ki, İrəvana bu məsələdə dəstək verən elə Rusiyadır;

Dördüncüsü, Qarabağda tərəflər yoxdur, yalnız bir tərəf var, o da Azərbaycandır;

Lavrov da, onun idarəsi də bunu artıq qəbul etməlidir. Lakin Rusiya XİN-in və MN-in açıqlamalarında mütəmadi olaraq, bu reallığa bilərəkdən diqqət edilmir, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat mövqeyi sərgiləyir.

Bu yanaşmanın elə rus dilində bir adı var: "bespredellik".

Lavrov da, Şoyqu da bu özbaşınalığı ilk növbədə Rusiya rəhbərliyinə qarşı edir. Çünki Rusiya prezident Putin səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır, 10 noyabr razılaşmasına imza atan tərəflərdən biri də elə Putindir. Görünür, Rusiyanın hərbi və diplomatik idarələrinin rəhbərləri öz prezidentlərini saymır.

Bu, özbaşınalıq beynəlxalq hüquqa qarşıdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu beynəlxalq hüquqa təspit olunub.

Bu, özbaşınalıq həm də Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılmasını aktuallaşdırır.

10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur ki, Qarabağda erməni silahlı dəstələri sülhməramlıların yerləşməsinə paralel şəkildə çıxarılır. Razılaşmanın imzalanmasından bir ildən artıq vaxt keçib, sülhməramlılar nəinki bu bəndi icra etmir, əksinə erməni terrorçuların yeni səngərlər qazmasına, Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmasına şərait yaradırlar. Bu bəndə əməl etməyən Ermənistan tərəfidirsə, İrəvanın əməl etməməsinin səbəbkarı elə Rusiyadır.

10 noyabr razılaşmasına əməl etməyən Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında özlərini "ev sahibi" kimi aparır. Erməni əhalisinə dəstək adı altında separatçı-terrorçu rejimi bəsləyir, onların "qoruyucu mələyi" kimi çıxış edirlər. Fərrux kəndi ətrafında yaşanan gərginliyin müəllifləri də elə Rusiya sülhməramlılarıdır. Çünki erməni terrorçuların bu kənd istiqamətində yeni mövqelər qazmasına şərait yaradan və onları müşaiyət edən sülhməramlılardır.

Bu qədər açıq təxribatlara rəğmən Rusiya XİN-in verdiyi bəyanat həyasızlıqdan başqa bir şey deyil. Lavrovun idarəsi demək istəyir ki, Qarabağ ayrıca "tərəfdir" və Azərbaycan öz suveren ərazisində müstəqil hərəkət edə bilməz. Fərrux kəndində baş verənlər isə bunun belə olmadığını bir daha göstərdi və yaxşı olar ki, Lavrovun da, Şoyqunun da idarələri reallığı anlasınlar: Azərbaycan Ordusu öz suveren ərazisində istədiyi istiqamətdə hərəkət edə bilər və buna görə kimdənsə icazə almır.

Rusiyadan verilən təxribat açıqlamaları isə hər şeydən öncə Azərbaycan ərazisində müvəqqəti yerləşmiş rus sülhməramlıların bölgədəki "ömrünü" qısaldır.


Etiketlər:  İki Sergeyin Qarabağ özbaşınalığı sülhməramlıların ömrü azalır2


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ