Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Şərqi Zəngəzur və Qarabağda aparılan işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik

İlham Əliyev: Şərqi Zəngəzur və Qarabağda aparılan işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik

Tarix: 2 Aprel 2022 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda Prezident İlham Əliyev bu il Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü - diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirib.

"Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş "Kəmər və Yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır", - deyə təbrik məktubunda qeyd olunub.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsinin ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratdığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: "Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər".

Prezident İlham Əliyev bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərlərini, Sədr Si Cinpin ilə apardığı ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırladığını, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı maraq doğuran əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.

Sonda dövlətimizin başçısı Sədr Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.


Etiketlər:  İlham Əliyev Şərqi Zəngəzur Qarabağda aparılan işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ