Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Sentyabr 2019 14:44
Bakı. Trend:
Sentyabrın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3 867 640 ədəd siqaret, 24 733 ədəd fişəng və şənlik üçün prirotexniki vəsitələr, 2486 ədəd dərman preparatları, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içkilər, 18 240 kq ərzaq və qeyri ərzaq məhsulları, 3140 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.
Qeyd edək ki, məhv edilən mallar 2018-2019-cu illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Məhv edilən mallar arasında Ermənistan istehsallı, istifadəyə yararsız 209 ədəd müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin