Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2022 23:48
"Bəzi yerlərdə külək qasırğa formasında özünü göstərir. Güclü küləklə bağlı istər ağac kütlələrinin, istər ətrafda olan əşyaların xətlərin üzərinə aşması nəticəsində bir çox istiqamətdə xətlərdə qəza vəziyyəti yaranıb".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Azərişığ"ın mətbuat katibi Vaqif Aydınoğlu deyib.
Onun sözlərinə görə, bəzi yerlərdə işıq dayaqları aşıb:
"Bütün "Azərişıq" qəza xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Hazırda qəza yerində fəaliyyətdədirlər. Demək olar, qərb istiqamətində olan rayonlarımızda yaranan nasazlığın əksəriyyəti aradan qaldırılıb. Eyni zamanda Cənub zonasında və Şirvanda xətlərimiz bərpa olunub. Hazırda qəza vəziyyətində olan xətlər Bərdə, Tərtər, Ağdam, Ağcabədi istiqamətindədir. Amma artıq Ağdam istiqamətində də normallaşma var. Əksər xətlərimiz bərpa olunub. Eyni zamanda Bərdə və Tərtərdə də iş gedir.
Onu da qeyd edim ki, hətta küləyin sürəti o dərəcədə yüksəkdir ki, bizim səbət dediyimiz maşınlar dayağı qaldırmağa çətinlik çəkir. Bununla belə, əməkdaşlarımız ən qısa vaxtda xətləri bərpa etməyə çalışırlar".
V.Aydınoğlu əlavə edib ki, əsas çətinlik yaradan ağacların və dam örtüklərinin xətlərin üstünə aşmasıdır.
Qeyd edək ki, bu gün ölkə ərazisində əsən güclü külək nəticəsində əksər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.