Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2022 21:26
Fransanın Maliyyə Nazirliyi Ukraynada müharibənin başlamasından bu yana dondurulan 23,7 milyard avro və ya 25,6 milyard dollarlıq Rusiya aktivlərinin siyahısını dərc edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə CNN telekanalı Fransa hökumətinin rəsmi sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, dondurulan aktivlərin 22,8 milyard avro dəyərində olan əsas hissəsi Rusiya Mərkəzi Bankına məxsusdur.
Bundan başqa, "qara siyahıya" Fransanın Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropez kimi nüfuzlu kurortlardakı ünvanlar da daxil olmaqla, ümumi dəyəri 573,6 milyon avroluq 33 mülk daxildir. Həmçinin ümumilikdə 7 milyon avro təşkil edən bank aktivləri, üç yaxta, altı helikopter və üç sənət əsəri də bloklanıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən RF-ə qarşı geniş sanksiyalar tətbiq edib və onların siyahısı getdikcə artır.