Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2022 18:08
Xəbər verdiyimiz kimi, Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, 2017-ci ildən bu günədək vəzifədə olduğu zaman üç nazir və iki nazir müavini dünyasını dəyişib.
Energetika naziri Natiq Əliyev, Müdafiə Sənayesi naziri Yavər Camalov, Gənclər və İdman naziri Azad Rəhimov vəzifədə olduğu zaman vəfat edib. İlqar Fəti-zadədən əvvəl isə Səhiyyə nazirinin sabiq müavini Abbas Vəlibəyov vəzifə başında dünyasını dəyişib.
Natiq Ağa Əmi oğlu Əliyev - 1993-cü ildən 2005-ci ilə qədər Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə Sənaye və Energetika naziri, 22 oktyabr 2013-cü ildən 9 iyun 2017-ci ilədək Energetika naziri olub. 9 iyun 2017-ci ildə 70 yaşında İstanbulda müalicə aldığı "Florence Nightingale" xəstəxanasında ürək tutmasından dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.
Yavər Talıb oğlu Camalov - 18 mart 2006-cı ildən 23 iyun 2018-ci ilədək Müdafiə Sənayesi naziri olub. 23 iyun 2018-ci ildə İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada xərçəngdən dünyasını dəyişib. 69 yaşlı Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb. Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda eyni xəstəlikdən vəfat edən oğlunun yanında dəfn olunub.
Azad Arif oğlu Rəhimov - 7 fevral 2006-cı ildən 30 aprel 2021-ci ilədək Gənclər və İdman naziri olub. 30 aprel 2021-ci il tarixində ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.
Abbas Soltan oğlu Vəlibəyov - 1999-cu ildən 2018-ci ilin aprel ayınadək Səhiyyə nazirinin müavini olub. 2018-ci ilin 8 aprelində müalicə aldığı xəstəxanada 71 yaşında dünyasını dəyişib.
İlqar Fəti oğlu Fəti-zadə - 1992-ci ilin aprel ayından Maliyyə nazirinin müavini, 1999-cu ildən vəfat edənədək nazirin birinci müavini vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra ötən gün müalicə aldığlı xəstəxanada dünyasını dəyişib.