Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2019 09:24
Bakı. Ləman Zeynalova - Trend:
2019-cu ilin birinci rübündə Azərbaycanın Latviyada birbaşa investisiyaları 17 milyon avroya çatıb, ötən ilin eyni dövründə bu göstərici 13 milyon avro təşkil edirdi.
Bunu Trend-ə müsahibəsində Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib.
Nazir bildirib ki, eyni zamanda Latviyanın Azərbaycana birbaşa investisiyaları 1 milyon avroya yaxındır.
Nazir qeyd edib ki, iqtisadi əməkdaşlığın ən səmərəli formalarından biri birgə şirkətlərin inkişafıdır: "Bu gün Latviyada Azərbaycan kapitalı ilə 50-dək Azərbaycan şirkəti işləyir. Latviya qarşılıqlı səmərəli investisiya mübadiləsində maraqlıdır".
R.Nemironun sözlərinə görə, Azərbaycan Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır: "Latviyanın Mərkəzi Statistika Bürosunun məlumatları göstərir ki, 2018-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 28 milyon avro təşkil etmişdi, 2017-ci ildə də analoji göstərici qeydə alınmışdı".
Nazir son iki il ərzində Azərbaycanla Latviya arasında xammal mübadiləsinin şaxələndirilməsindən məmnun olduğunu bildirib: "Son dövrlərdə Azərbaycandan Latviyaya ixracda qida məhsulları üstünlük təşkil edir. İndi isə Azərbaycandan mineral məhsulların, metal və metal məmulatların, elektrik avadanlığının və mexanizmlərin idxalı artmağa başlayıb. Latviyadan Azərbaycana ixracda əsasən qida məhsulları, xüsusilə də heyvan mənşəli məhsulları, eləcə də maşın mexanizmləri və elektrik avadanlıqları, metal məmulatları, əczaçılıq preparatları, tikinti materialları yer alır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin